“Qarabağ” – “Sportinq” oyunu bir sıra uğursuz yubileylərə səbəb oldu.
Portuqaliya klubunun 6:1 hesablı qələbəsi həm məğlubiyyət, həm də buraxılan qol sayında yubileylərlə nəticələndi.
“Qarabağ” avrokuboklarda 40-cı dəfə uduzdu və buu, 103-cü matça təsadüf etdi. Azərbaycan klubları 2009-cu ildən yeni adla keçirilən Avropa Liqasında 70-ci dəfə məğlub oldu.
173-cü qarşılaşma yubileylə başa çatıb. Azərbaycan klubları avrokubokların qrupunda 47-ci oyununu keçirdi. Bu matç 30-cu məğlubiyyətlə tarixə düşdü.
“Sportinq”in qolları da əlamətdar oldu. İlk qol klublarımızın avrokubokların qrupunda buraxdığı 80-ci topdu. Matçın sonunda bu rəqəm 85-ə çatdı. Buraxılan 4-cü top avrokuboklar tarixində ümumilikdə 480-cı dəfə üzülməyimizi rəsmiləşdrdi.
Qonaqların 6-cı qolu “Qarabağ”ın avrokuboklar tarixində qapısında gördüyü 130-cu qol kimi yadda qaldı. Bu qol həm də Azərbaycan klublarını Avropa Liqasında 180-ci, UEFA kuboku nəzərə alınmaqla isə 330-cu dəfə məyus etdi.
Hətta cari mövsümün ölkə çempionatı da təsdiq edir ki, «Qarabağ», sadəcə, nəyisə deyil, çox şeyi dəyişməlidi.
Əlbəttə, ilk növbədə, yay hazırlığı dövründə hücumçu alınmaması ilə bağlı buraxılan kobud səhv aradan qaldırılmalıdı.
Ən əsası, yəqin klub artıq onu da öyrənmiş olar ki, Avropa klub kuboku yarışları Azərbaycan çempionatı deyil, burada ildən-ilə əldə olunanları itirməmək üçün mütəmadi doğru qərarlar verib heyəti gücləndirmək lazımdı.
Bunu, dəfələrlə dediyimiz kimi, iki fərqli yolla etmək olar: tanınmayan, fəqət klubun gücünü artıra biləcək futbolçularla, ya da oyunu ilə özünü doğruldub Avropa arenasının nə olduğunu bilənlərlə.
Birinci halda, yaxşı seleksiyaçı, skaut lazımdı, ikincisində əlinin altında yetərincə pulun olmasını bilən menecer.
Bu mövzu isə Azərbaycan futbolunun ümumi bəlasıdı və buna görə hər yay klublarımız hələ də 90-cı illərdə olduğu kimi «baxışa dəvət» tapmacası tapırlar.
Bir problemi də qeyd etməsək olmaz. Premyer Liqamısızın son 3 mövsümdə 8 klubun iştirakıyla keçirilməsi «Qarabağ»ın legioner siyasətininin keyfiyyətinə mənfi mənada ciddi təsir göstərir.
Klasına güvənən və yalnız pulu fikirləşməyən əcnəbi futbolçu belə kiçik çempionatda çıxış etməyi özünə sığışdırmır.
Hətta İspaniyanın ikinci liqası sayılan Sequndada ortabab klubun şərəfini qoruyan oyunçu hazırda qazandığından 3 dəfə artıq məbləğə Azərbaycana gəlmir.
Deməyim odu ki, «Qarabağ» ikinci sinf legionerləri amiağa güclük çəkirsə, «Sportinq» kimi qitə arenasında par-parıldayan rəqiblərə bu cür açıq fərqlə yenik düşməsində təəccüblü heç nə yoxdu, əlimizdən yalnız təəssüflənmək gəlir.
1. «Arsenal» 5 4 1 0 11-2 13
2. «Sportinq» 5 3 1 1 10-3 10
3. «Vorskla» 5 1 0 4 4-10 3
4. «Qarabağ» 5 1 0 4 2-12 3
MUSA

