"Görüş bizim üçün heç də asan keçmədi, bu matçda kollektiv oyun nümayiş etdirdik, qapımızda qol gördük.
Amma xarakter nümayiş etdirib istədiyimiz nəticəni qazandıq, bu nəticə komandamız üçün çox vacib idi".
Sportinfo.az xəbər verir ki, bunu "Sportinq"də debüt edən 19 yaşlı futbolçu Tyerri Korreyya Bakıda "Qarabağ"a 6:1 hesabı ilə qalib gəldikləri Avropa Liqasının qrup mərhələsinin V tur matçından sonra deyib.
Korreyya "Qarabağ"la qarşılaşmada 74-cü dəqiqədə Brunu Qaşparın əvəzinə meydana girib. Gənc futbolçu debüt oyununu heç vaxt unutmayacağını bildirib:
"Meydana çıxanda həyəcanlı idim. Baş məşqçi Marsel Kayzerə mənə şans verdiyi üçün minnətdaram. Əldə etdiyim oyun vaxtı mənim üçün çox önəmli idi. “Qarabağ”la oyunu və qazandığımız qələbəni heç vaxt unutmayacam".

