Bu gün Avropa Liqasında qrup mərhələsinin V turunun oyunları keçiriləcək.
“Qarabağ” E qrupunda son ev qarşılaşmasına çıxacaq. Azərbaycan çempionu “Sportinq” ilə qarşılaşacaq.
Ağdam klubu 1/16 final şansını qorumaq üçün mütləq qələbə qazanmalıdı. Bakı Olimpiya Stadionundakı xal itkisi təmsilçimizi qrupda saxlayacaq. Səfərdə Portuqaliya klubundan 2 qol buraxan “Qarabağ” ilk ev xallarını əldə etməyə çalışacaq.
Söz yox ki, tarixdə yalnız nəticə qalır. «Qarabağ» səfərdə – Poltavada bu mövsümün ilk qrup qolu və ilk qələbəsi ilə çox şey əldə etməsə də, buna fürsət qazandı.
İlk növbədə, ümidi və mübarizəni davam etdirmək şansı; ikincisi, builki Avropa mövsümünü tamamilə iflasla başa vurmamaq fürsətcilliyi əldə etdi.
Əlbəttə, realist yanaşma ilə qarşıda qrupun iki favoriti ilə matçlarda böyük ümid vəd oluna bilməz. Üstəlik, təmsilçimiz yeni mövsümdə heç özünə gələ bilmədiyi və əvvəldən qaçırılmış strateji vəzifələri taktiki-funksional miqyasda davam etdirərək, özünü çox mürəkkəb vəziyyətə salıb.
Hətta bunu hiss edən azarkeşlər də meydandan üz döndərməyə başlayıb. Bu münasibətdən şikayətçi olmağa, əslində, dəyməz.
Çünki Azərbaycan futbolu son illərdə davamlı inkişafa düşmüş yolu həvəs və istək oyatdığı bir məqamda kursu tam dəyişərək, uğursuzluğa düçar olub və bəslənilən son ümidləri də puç edib.
Aydındı ki, bu komandaya başqa cür yanaşılırdı. Futbolumuzun çətin illərində məhz «Qarabağ» yeganə ümid kimi, qalan komandaları da öz arxasınca sürükləməlidi.
Bunun üçün bir az daha toparlanmaq lazımdı ki, qəfil yeniləşmə kursuna keçildi. İlkin mənfi obrazlı təəssüratlarla «Qarabağ», görünür, Avropada ardıcıl uğurlarını davam etdirə bilməyəcəyini aydın görür.
Zənnimcə, ən böyük səhvlər planlaşdırılmış strateji hədəflərdədi. Klub nə marketinqini, nə menecmentini, nə də futbola baxışını dəyişməyə can atır.
«Biləcəridən o tərəfə» nümunəsi ilə sanki hər şeyin bununla öz yoluna düşəcəyinə bel bağlamışdılar. Halbuki bu müddət ərzində çempionumuz öz strukturunu Avropa timsalında təzələyib, prinsipial qitə rəqiblərini təqib etmək üçün çox iş görə bilərdi.
Ən əsası, Ağdam klubu yerli futbolçu siyasətini doğru yönəldə, onun sərhədlərini genişləndirə bilərdi. Bu istiqamətdə lazım olan tədbirləri görmək üçün sadəcə, skautçuluğu bir qədər möhkəmləndirmək də olardı.
MUSA

