Tanınmış jurnalist "Qarabağ"da gördüklərini qələmə aldı

27 Noyabr 2018 08:36 Avropa Liqası 675
Tanınmış jurnalist "Qarabağ"da gördüklərini qələmə aldı

Ukraynaya ikinci səfərim Poltava şəhərinə təsadüf etdi.

Kiyevdən sonra Poltavaya gəlmək insanda maraqlı hisslər yaradır.

Səfərin məqsədi məlumdur. Azərbaycan çempionu “Qarabağ”ın Avroliqada yerli “Vorskla” klubuyla görüşündən ATV xəbər üçün reportaj hazırlamaq, mətbuat konfransından müsahibələri operativ olaraq Bakıya göndərmək.

Oyuna hazırlıq, mətbuat konfransları, Ukraynadakı səfirliyimizin dəstəyi barədə ATVidman-da süjet yayımlanıb. Ona görə Bakı-Poltava-Bakı səfərində təəssüratlarımı qeyd etmək qərarına gəldim.

Azərbaycanda Ukraynaya səfər bayram kimi qəbul olunur. Əksəriyyət bu ölkəni ikinci Vətəni hesab edir. Ona görə Poltavada azərbaycanlıları görmək təəccüblü olmadı.

Artıq hava limanında səfirliyimizin dəstəyini həm izlədik, həm də hiss etdik. Azərbaycanlılarla yanaşı, “Qarabağ”ı aeroportda Ukraynanın 3 TV kanalı və 5 sayt-qəzet əməkdaşı qarşıladı. Hiss olunurdu ki, ukraynalılar komandamızı güclü rəqib kimi qəbul edir və bir qədər çəkinir.

Ukraynalı həmkarlarımızın dediyinə görə, Poltavada da azarkeşlərlə bağlı problem var. İnsanlar stadiona getmir, daha çox oyunları TV-dən izləyir. Poltava əyalət şəhəridi, əhalisi 280 min nəfərdi.

Futbola getməyi çox sevməsələr də, “Vorskla”yla fəxr edirlər. Yeri gəlmişkən, Vorskla Poltavanı iki yerə bölən çayın adıdı. Yəni “Vor stekla”-“Şüşə oğrusu” deməkdi. Deyilənə görə, Poltava döyüşü zamanı I Pyotrun durbini çaya düşüb, ona görə “Vor stekla” söhbəti yaranıb.

Qayıdaq "Vorskla" - "Qarabağ" görüşünə. Matçdan əvvəl “Qarabağ”ın hazırlığını izlədikdən sonra yerli jurnalistlərin əhatəsinə düşdüm.

Bakıda stadionda inamla danışdığımı yada salan həmkarlar proqnoz verməyimi xahiş etdi. İki dəfə soruşdular, iki dəfə cavab verdim: 2:0 “Qarabağ”ın xeyrinə.

Ukraynanın «Futbol 1» kanalının əməkdaşı həm də Bakı Olimpiya Stadionunda yaşayan pişiyi soruşdu. Zarafatyana sual verdilər ki, pişik niyə gəlməyib? Dedim, «Bosi»nin (pişiyin adı «Bosi»di) işi çox olduğundan səfərə çıxa bilməyib, “Sportinq”lə oyuna 100% gələcək.

Bir az Poltava şəhərindən danışaq. O qədər böyük olmayan Poltavada hazırda əsl payızı duymaq olar.

Təsəvvür edin: təyyarədə Poltavada bizi gözəl hava qarşıladığı elan olunur. Ardınca isə -3 dərəcə şaxtanın olduğunu eşidirik və gülümsəyirik. -3 dərəcə gözəl hava ola bilməz. Poltavada gecə 3-4 dərəcə şaxta olsa da, gündüz əsl payız havası piyada gəzmək həvəsi yaradır.

“Qarabağ”ın “Vorskla”nı 1-0 hesablı məğlub etdiyi oyundan sonra hava limanında gözləmədiyimiz sürprizlə qarşılaşdıq. Əlverişsiz hava şəraitinə görə uçuş təxirə salındı.

Ümumiyyətlə, Poltavadakı aeroportun işlək vəziyyətdə olmadığını öyrəndim. 1984-cü ildə inşa edilən, 4 il əvvəl bərpa olunan hava limanında insanlar 4 saat işləyir. Çünki iş olmur.

Günortadan sonra işçilər aeroportun qapısını bağlayır, evə yollanırlar. Yalnız yük və çarter reyslərini qəbul edən aeroporta bizdən əvvəl sonuncu reys “Sportinq”i gətirən təyyarəyə aiddi. Növbəti səfərin nə vaxt olacağı məlum deyil.

“Arsenal”ın “Vorskla”yla oyuna görə Poltavaya gələcəyinə inanmıram. Təsəvvür edin: uçuş zolağı standartlara cavab vermir, qarlı havada təyyarənin üzərinə çəkilən xüsusi maddələri eyni zamanda minik kartlarını çap etmək üçün avadanlıqları yoxdu.

Şəhərdə otel sayının az olması da problemdir. Bakıya qayıdışımızın ertələnməsi “Qarabağ”ı 65 nəfərlik heyət üçün gecələməyə yer axtarmağa məcbur etdi. Təhvil verdiyimiz otaqlara yeni qonaqlar gəldiyindən otel tapmaq asan olmadı.

Bununla belə, “Qarabağ” rəhbərliyi hamının oteldə gecələməsinə nail oldu. Burada ilk olaraq futbolçular və jurnalistlərin otaqlarla təmin edilməsini qeyd etməliyəm.

Qurban Qurbanovun rəhbərlik etdiyi məşqçi heyəti sona qədər hamının yerləşdirilməsini nəzarətdə saxladı, hətta öz otaqlarını belə rahatlıq üçün futbolçulara verdilər.

Ertəsi gün pilotumuz Bəhram Qarayevin sükanı arxasında olduğu AZAL-ın təyyarəsi bizi Bakıya gətirdi. Sonda səfərin reallaşmasında əməyi olan “Qarabağ”ın hər bir üzvünə - bütün əməkdaşlarına təşəkkür düşür. Pilotumuz Bəhram Qarayev demişkən, qələbədən sonra təyyarəni sürmək daha da rahat olur.

Sənan Şəfizadə

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti