Ukraynada noyabr ayına "listopada" deyilir.
Yəni, "yarpaq tökümü" ayı.
İlin-günün bu vaxtına, payız fəslinə uyğun addır. Doğrudan da ölkənin şimal-şərqindəki Poltava şəhərində ağaclar olan hər yer xəzanlıq idi.
Bu mənzərəni "Mən öləndə məni basdırarsınız, Yüksək bir təpədə, bir dağ başında" deyən Taras Şevçenko da sanki məyus halda izləyirdi. Onun abidəsi Poltavanın "köhnə şəhər" adlanan hissəsində - yüksəklikdə yerləşirdi.
Uzun yolun sonunda isə aşağı hissədə salınmış və nisbətən müasir, 9 - 12 mərtəbəli binalardan ibarət yeni şəhər göz önündə canlanırdı. Orada həm də bu şəhərin əsas komandasının adını daşıyan Vorskla çayı axırdı. Poltava döyüşü zamanı I Pyotrun durbinini əlindən alıb, ilim-ilim itirən çay...
Burada xalqlar dostluğunu simvolizə edən abidə də ucaldılmışdı. Amma dost xalqlar içərisində ruslar əsla ola bilməzdi...
Yeni şəhərdə bir stadion da görünürdü. Lakin o, "Vorskla"nın ev oyunlarını keçirdiyi Aleksey Butovski adına köhnə birisi yox, tam yeni arena idi.
Həmkarımız, çəkdiyi əziyyətinə görə bir çox kişi jurnalistə nümunə göstərilə biləcək, yerli "Ltava" telekanalının xanım jurnalisti Yuliya Loqvinenkonun bu arena ilə bağlı acı xatirələri var idi:
"Gördüyünüz stadionda "Poltava" adlı klub ev oyunlarını keçirirdi. Sahibi biznesmen idi. Ötən mövsümün yekunlarına əsasən, Premyer Liqaya yüksəlmişdi. Məni isə mətbuat katibi təyin edəcəkdilər.
Hər bir məsələni danışmışdıq. İşə başlasaydım, Ukraynanın ilk qadın mətbuat katibi sayılacaqdım. Amma necə oldusa, günlərin bir günü klubun sahibi "İmkanım yoxdur, klubu Premyer Liqada oynada bilmərəm" deyə kənara çəkildi. Nəticədə "Poltava" Premyer Liqada oynaya bilmədi, mən isə xeyli məyus oldum".
Şəhər gəzintisində bizimlə birgə olan digər həmkarımız Dnepropetrovskdan olan kolleksiyaçı Vladimir Xoroşilov da pozitiv, həyat dolu insan təsiri bağışlayırdı. Lakin vaxtilə mətbuat xidmətinin əməkdaşı kimi çalışdığı "Dnepr" komandasının fəaliyyətini dayandırması onu məyus etmişdi.
Hazırda Ukrayna I Liqasında çıxış edən "Dnepr-1"ə pərəstiş etməsinə baxmayaraq, 2014-2015 mövsümündə Avropa Liqasının finalınadək irəliləməyi bacaran "Dnepr"in yeri onun üçün tam başqa idi.
Sənan Şəfizadəni isə hamı tanıyır, özü demişkən, əlavə təqdimata ehtiyacı yoxdu
Bax, belə bir payız gecəsi "Qarabağ" "Vorskla"ya qalib gəlməsinə baxmayaraq, paralel görüşdə "Sportinq"in "Arsenal"la heç-heçə etməsi səbəbindən,həm özünün, həm də ukraynalı rəqibinin payız ümidlərini xəzana döndərdi...
Üç günlük səfərdən xatirələr çoxdur. Yaza-yaza əməlli-başlı yazı alınır deyəsən...
Elşən Məmmədov

