"Vorskla" ilə Bakıdakı oyun və nəticəsi, üstəlik ölkə çempionatındakı "Neftçi" və "Keşlə" büdrəmələri bəs etdi ki, son illərin ən sabit komandasının enişdə olduğu iddia edilsin.
Komandanın bu səviyyəyə qalxmasında - 5 il ardıcıl Avropa turnirlərinin qrup mərhələsində mübarizə aparmasında əsas söz sahibi olan Qurban Qurbanovun vəziyyətdən çıxış yolu tapa bilmədiyini iddia edənlər oldu. Hətta daha da irəli gedərək, onun milli komandadakı işə daha çox fikir verdiyini, "Qarabağ"ın da bu üzdən zəiflədiyini car çəkənlər tapıldı.
Məsələnin ən maraqlı məqamı isə bu idi ki, klubun rəhbərliyi - vitse-prezident Tahir Gözəl də son açıqlamasında bir az narazı tonda çıxış etmişdi.
Bəli, məşhur kəlamda deyildiyi kimi, qələbənin atası çox olar, məğlubiyyətsə yetimdir...
"Vorskla" səfəri isə bütün qara fikirlərin, nigaran və narazılıqların kəsilməsi üçün möhür oldu. "Qarabağ" səfərdə qazanılan qələbə ilə xarakter nümayiş etdirdi. AL-in qrup mərhələsinin daimi iştirakçısına əbəs çevrilmədiyini sübut etdi.
Qurbanovun "Qarabağ"ı milliyə, yaxud millini "Qarabağ"a qurban vermədiyi növbəti dəfə təsdiqini tapdı. Niyəsə bu məqamda baş məşqçinin ətrafında birləşməyin vacibliyi ortada aydınkən, onun imicinə xələl gəlməsi üçün pusquda duranlar var. Pusqudan çıxıb, reallığı qəbul etmək lazımdır. Uğura yol birlikdəlikdən keçir. "Qarabağ" geridönüş etməyi, qələbə qazanmağı, imicini qorumağı bacarır və bu, Qurbanovun lazımlı müdaxilələri, vəziyyəti doğru qiymətləndirməsiylə mümkün olur.
Qurbanov və "drujinası" bu işi bacarır. Mümkünsə, mane olmayaq, yaxud bəd niyyətli olmayaq. Xarakterlilərin triumfu üçün vasitəçi olaq, dəstəyi əsirgəməyək.

