İnnosent Emeqara, Mahir Mədətov və Con Delarj Azərbaycan səviyyəsində hücumçudu.
Yarımmüdafiənin sağına çəkilmiş Araz Abdullayev də elə.
Ümumiyyətlə, «Qarabağ»ın üçüncü zonasında yer alanların heç biri böyük avro-meydan üçün deyil. Olsaydı, qol vurardıq, xal qazanardıq.
«Qarabağ»dan asanlıqla udmasını istədiyimiz «Vorskla» bütün oyunlarda fərqlənib, artıq Vitali Saçkonun komandasının aktivindəki qolların sayı 4-dü.
«Sportinq» qədər qol vuran «Vorskla», əslində, qeyri-adi oyun sərgiləmir. Sadə oynayırlar. Yeniliyin arxasınca qaçmırlar. Vaxtında və düzgün qərar verirlər.
Saçko Avroliqada qol vurmağın çarəsini «2 nömrə» ilə meydana çıxmaqda və sonadək buna sadiq qalmaqda görür. Bu da onlarda alınır, uğur gətirir.
Biz isə əksini edirik - irəli atılırıq, sağdan, ortadan, soldan gəlirik, cərimə meydançasının həndəvərinə çatırıq və…
Kor-peşman geri qayıdırıq. Gah topumuz qapının üstündən uçup, jah yanından ötür. Beləcə, Avroliqanın hələlik qol ləzzəti dadmayan 2 iştirakçısından biriyik. Biri də «Düdelanj»dı.
Luksemburqla Azərbaycanı tay tutmağın əleyhinə olan nəzərinə - son 2 ildə bu «cırtdan» ölkənin klubları bizimkilərlə müqayisədə daha uğurlu çıxış edir və dönüşə imza atmasaq, UEFA reytinqində yenə köhnə mövqeyimizə - 40-50-cı sıralara qayıtmağımıza çox qalmayıb.
«Qarabağ» nağılının bitmək üzrə olmasını iddia etmirəm. Heç istəmirəm bu nağıl bitsin. İstərdim həmişəyaşar olsun.
Onu da etiraf edim ki, Qurbanov indi mənim gözümdə Don Kixotun müasiridi. Meydanda tək qalıb, hamıyla vuruşur.
Məğlubiyyətdən status düzəldib, sosial şəbəkədə «qəhrəmanlıq» edənlər isə «Qarabağ»ın oyunu köklənib» yazır. Aman Tanrım, Avropa nəhənglərini Azərbaycana gətirən «Qarabağ»a qarşı bun ə düşmənçilikdi belə?!
Barışmalıyıq. Amma «Qarabağ»ı tənqid edənlərlə, məğlubiyyətlərin səbəbini korcasına yalnız meydanın içində görənlərlə yox!
Futbolumuzun ümumi fonu və durumu ilə! Heç bir yerdə 1 güllə ilə bahar olmur! Azərbaycan da dünyanın bir parçasıdı və bir parça ölkədə futbol özünün qürub çağını yaşayır.
ELNUR

