"Qarabağ"ın "odu söndürüb, külü ilə oynaması"...

26 Oktyabr 2018 13:24 Avropa Liqası 662
"Qarabağ"ın "odu söndürüb, külü ilə oynaması"...

"Qarabağ"la bağlı çox yazıram və çalışıram ki, hərf və ya statistika səhvləri olsa da, obyektiv olum.

Bəlkə də bu, klubların reklam pulundan qazanan bəzi idman yazarlarının xətrinə də dəyir, onlar çox şeyi bizim siyasi mətbuat kimi saf-çürük edərək yazırlar.

Amma bunları boş verək, kaş ki, dərdimiz elə bu olaydı.

Qurban Qurbanovun "SBC Sport"a isti-isti verdiyi açıqlamada məğlubiyyətə "bu futboldu"deməsi ilə razılaşmaq olar, amma bu, "niyə son oyunda da uduzduq" sualına cavab deyil.

Daha doğrusu, məğlubiyyətə adekvat cavab deyil. "Qarabağ"ın "Arsenal" və "Sportinq"lə qarşılaşmalardakı məğlubiyyətini klublardakı oyunçularının səviyyəsinə bağladıq. Bəs, Ukraynanın ortabab klubuna niyə uduzduq?

Onların ki, ulduz oyunçuları yoxdur. Avroliqanın 3 oyununda qapısından 6 top buraxıb, 1 qol belə vurmamaq, Qurban qardaşım, futbol deyil axı... Ya da bizim istədiyimiz futbol deyil, biz bu cür "suxoy" nəticələri illır öncə əlimiz ürəyimizin üstündə yaşamışıq axı...

"Qarabağ"ın Avroliqada xüsusi iddiası yox idi, bunu Çempionlar Liqasına düşə bilməyəndə hamımız anlamışdıq. Amma bu cür zəif nəticə də gözlənilməzdir, məyusluq və bu klubun gələcəyi ilə bağlı narahatlıq yaradır.

Klublarda bu cür eniş heç vaxt səbəbsiz olmur. "Fənərbaxça" ya baxın, autsayder mövqeyindən qurtula bilmir, "Mançestr Yunayted"i xatırlayın, hər oyunda xal itirir. Bunlar isə səbəbsiz deyil, onlar "bu futboldur" deyib rahatlanmırlar.

"Qarabağ"la oyun ərəfəsi rəqib klubda maliyyə problemləri olduğu barədə xəbərlər vardı. Amma onlar Bakıda oynadılar və qələbə qazandılar. Demək, hər şey pulla da bağlı deyil.

O zaman ""Qarabağ" niyə Bakıda da top vura bilmədi" sualı üzərinə qayıdıram. Bunu birmənalı nəyəsə bağlamaq olmur. Desəm, Qurban Qurbanovu gərək milliyə aparmasaydılar, bu köhnə palan içi tökmək olacaq.

O zaman bunun izahını məşqçilər verə bilər. Necə ki, adını yuxarıda çəkdiyim klubların baş məşqçiləri, prezidentləri bu barədə danışmaqdan çəkinmirlər.

Qurban Qurbanov mediaya açıq adamdı, açıqlamalarında da səmimi olmağa çalışır. Oyunçularını hər oyundan sonra müdafiə edir. Amma bu qədər də olmaz...

"Qarabağ" bu gecəki qarşılaşmada yaxşı oynamadı. Oyunçular bir tutarlı hücum edə bilmədilər, standart vəziyyətlərdən fərqlənmək imkanlarını da boşuna xərclədilər. Nəyini tərifləmək, necə razı qalmaq olar bu məğlubiyyətdən axı..?

Aydındır ki, məşqlərdə və oyunların təhlilində məşqçilər bu cür səxavətli olmurlar. Amma bu klubun zəif nəticələrinin səbəbini azarkeş də bilməlidir. Bilmədikcə, qəzəblənəcək, üzü dönəcək, stadiondan çəkiləcək.

Bunları deməkdən çəkinmək lazım deyil. Azarkeş o vaxt klubdan üz döndərir ki, onun etirazlarına, fitinə-hayqırtısına etinasız yanaşırlar.

"Qarabağ" bu qarşılşmada da "odu söndürüb, sonra külü ilə" oynadı. Bu yaxşı deyil, bu bizim umduğumuz futbol deyil, bu o "Qarabağ" yanğısı deyil...Yanğındır, bəlkə də...

Nazim Sabiroğlu

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti