"Qarabağ"da hər şey var, qol yox…

26 Oktyabr 2018 12:24 Avropa Liqası 495
"Qarabağ"da hər şey var, qol yox…

«Qarabağ»da hər şey var – oyun, yaradıcılıq, iradə, istək…

«Qarabağ»da bir şey yoxdu – qol vuran, qolçu.

Qurban Qurbanov sıx qrafikdən əziyyət çəkir. Bunu özü də gizlətmir, deyir. Yorğunluqdan şikayətlənir, vaxt azlığının çox əl-ayağına dolaşdığını dilə gətirir. Həmişə də olmasa. Ara-sıra. Son zamanlar xüsusən.

Milli ilə klub arasında qalıb. Onu da düşünməlidi, bunu da. Birini önə alıb, birini arxaya atmaq olmur. Çün ikisi də vacib, ikisi də qızıldan qiymətlidi.

Elə vaxtın özü də. Vaxt isə baş məşqçinin performansına birbaşa təsir edir. Qurbanovun yorğunluğu «Qarabağ»ın sudan quru çıxmasını çətinləşşdirir. Axı Avropa Liqası Premyer Liqa deyil, burda rəqiblər səndən üstün və güclüdü.

«Vorskla» 3-cü turda çempionumuza üçüncü məğlubiyyəti yaşatdı. Özləri də bilmədən. Özləri də gözləmədən. Qapıya uzaqdan bir zərbə və… Qol!

Vaqner da Silva, deyəsən, gözə gəldi. Braziliyalı qapıçını tərifləməyən yox idi. İçi biz qarışıq. Bir ağızdan onun Hannes Halldrossondan güclü olduğu qənaətindəyik. İslandiyalı qapıçı oyundan saatlar öncə «İntagram»da paylaşdığı video ilə sanki baş məşqçisinə mesaj göndərmişdi.

«Matç günü» başlığı ilə orda yerləşdirdiyi görüntü vasitəsilə yəqin demək istəyirmiş ki, qoy, bu gecə meydanda mən olum, qapıda mən dayanım.

Telekanallara ayaq açandan, parthapart müsahibə verəndən, Bakının ən bahalı və ən ləziz yeməklər verən restoranlarını axtarandan sonra «çərçivə» önünə keçən Vaqnerin səhvi həqiqətən də bağışlanmazdı.

Bir uşağın etməyəcəyi səhvi o etdi və… «Qarabağ»ın qrupdan çıxmaq şansı minimuma endi.

Bundan sonrası möcüzədi. Çempionumuz ikinci dövrəyə Ukraynada start verəcək, son turda isə Londonda «Arsenal»ın qonağı olacaq.

Gözləyirdik ki, «Vorskla»nı burda udarıq, səfərə də bu 3 xalın yaratdığı inamın təsiri ilə yollanarıq, orda da nə olar, olar! Bu dəfə də olmadı.

Keçirdiyimiz hər üç qarşılaşmada qol vəziyyətləri yaratmışıq. Dünən də həmçinin. Sayılı epizodumuz oldu - istər oyunun əvvəlində, istər ortasında, istərsə də axırında.

Hücumun sivri ucunda «dişsiz» olmağımız Maksim Medvedevin pis ötürməsi, Miçelin topu itirməsi ilə mərkəzdə başlayan əks-hücumun qapımıza qolla nəticələnməsini dönə-dönə təəssüf hissi ilə qeyd etməyimiz qədər üzücü faktdı.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti