"Qarabağ"a ağıl lazım olacaq!

25 Oktyabr 2018 20:24 Avropa Liqası 538
"Qarabağ"a ağıl lazım olacaq!

“Qarabağ” bu gün Avropa Liqasında növbəti oyununu keçirəcək.

“Köhlən atlar” qrup mərhələsinin 3-cü turunda Ukrayna “Vorskla”sının “bərk qoz“ olub-olmamasını yoxlayacaq.

Məncə, çempionumuz formalaşma üçün ilk böyük sınağından keçib və azarkeşə xoş gələn tərzi ilə böyük ümid verib. İndi bu mənəvi qidanı meydanda faktiki əməl düsturuna çevirmək lazımdır - tamaşadan əsl oyuna keçmək lazımdı.

Elə qarşıdakı rəqib «Vorskla» bunun üçün əla rəqibdi. Əlbəttə, Ukrayna təmsilçisini zəiflərdən saymaq olmaz.

Ən azı, «Sportinq»lə matç bunu əyani nümayiş etdirdi. Önümüzdəki iki qarşılaşmada «Qarabağ»a ağıl lazım olacaq.

Dörd aydan artıq bir müddət ərzində heyətin tam formalaşmamasının bir səbəbi isə futbolçuların fərdi planda bir-bir sıradan çıxması, sabit oyun göstərə bilməməsidi.

Komandanın heç bir üzvü 3 ardıcıl normal hazırlıq səviyyəsində görüş keçirə bilmir. Bunun fiziki, ya funksional hazırlıqla, yaxud strateji hədəfləri anlaya bilməməsi, ya da taktiki çiyliklə bağlı olduğunu söyləmək çətindi.

Çünki meydanda gördüklərimizin daha çox psixoloji zəmini var. Belə olanda, konkret oyun elementlərinin dili ilə danışmaq müşkül məsələdi.

Bir sözlə, «Qarabağ» keçən tur layiqli oyun göstərmək istədi və bunun üçün fəallıq nümayiş etdirdi. Hər uğurlu an isə komandaya inam gətirdi və irəli atılıb meydangirlik etmək üçün əsas verdi.

Çatışmayan isə rəqibə bərabər tutulacaq səviyyə idi. Rəqibin bir deyil, bir neçə baş üstün olmasının ilk görüntüsü məhz futbolçuların peşəkarlıq əmsalında idi.

Builki «Qarabağ»lı uğur da bununla məcazlara bürünüb. Ümidlərin yenidən parlaması üçün preambula olan «Arsenal»la qarşılaşmanın mənəvi dəstəyini «Vorskla» ilə duellərdə reallığa çevrimək lazımdı.

Bu, Azərbaycan futbolunun gələcəyini xilas etmək baxımından vacibdi. Neçə illərdi ki, azərbaycanlı məşqçilərin reputasiyasını Qurban Qurbanov qoruyur. Bayraq da onun əlindədi.

Elə ümidlərimiz və gümanlarımız da ona bağlıdı. Qurbanov belə «imtahanlar»ı çox verib və artıq kifayət qədər təcrübəlidi.

Arzu edirik kt, Qurban bəy bu axşam da bütün xalqımızı sevindirsin. Qələbə ona və «Qarabağ»a yaraşır!

BATI YAR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti