Bu gün Avropa Liqasının qrup mərhələsində 3-cü turun oyunları keçiriləcək.
Turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti oyununa çıxacaq.
Qurban Qurbanovun komandası Bakıda “Vorskla”nı qəbul edəcək. Əvvəlki iki görüşdə uduzan hər iki komanda bugünkü matçda ilk xalını və ya xallarını qazanmağa çalışacaq. Çünki bu oyundakı xal itkisi növbəti mərhələ şansını heçə endirə bilər.
Bütün yanlışlıqlarına rəğmən, «Qarabağ» ötən matçda birbaş böyümə fürsəti əldə etdi. Çünki komandaya bir inamlı oyun lazım idi ki, özünə gəlməyə başlasın.
İndi futbolçuları ulduzlaşıb həddini aşmasa, kollektiv çox yeniliklərə sahib çıxa biləcək. Ən əsası və nəhayət, «Qarabağ»a heyətində vahid komanda oyunu üçün fərdiyyətçiliyi qurban verib kollektivçilik hissini möhkəmlətmək şansı verilib.
Ən azı, Abdullah Zubir bunu nümayiş etdirdisə, çox şeyin dəyişmək ehtimalı var. «Qarabağ»a post-Almeyda erasının ilk qəhrəmanı lazımdı. Çünki başqa yolla sıx yumrua çevrilə bilmir.
Hələ üstəlik, Mahir Mədətov bəlkə də haradasa gözlənilmədən karyerasının ilk matçından bu yana ən məzmunlu oyununu keçirərək, kollektiv üçün çalışmağa səy göstərdi.
Hətta ən uğursuz matçını keçirən Yakub Jezniçak, ən uğurlu, lider görkəminə girmiş Bədavi Hüseynov belə, bu qarşılaşmada «Qarabağ»ın əsas ümidlərindən olduqlarını göstərdilər.
Eyni sözləri Qara Qarayev və Maksim Medvedev haqqında söyləyə bilsəydik, yəqin ki, çox fərqli bir matçdan söz açardıq.
Çünki hücum quruculuğunda bu dəfə fərqlənən Qara arxanı tam unutdu. Özü də bunu «Arsenal» kimi rəqiblə etməsi çox yersiz oldu. Azərbaycan çempionunun buraxdığı 3 qolun sirri də elə orta zonadan başlanır.
Rəqib bunu hiss edərək, komandamıza nəinki qapısı ağzına gəlməyə, hətta təhlükəli olmağa da şans verdi. Nəticədə rəqibin minimal hədəfi nişan alan zərbələri maksimum effektli oldu. «Qarabağ»da isə bu rəqəm rela qola çevrilmədi.
Meydanın orta zonasında yer alan futbolçularda faydalı iş əmsalı yetərli olmayanda, məğlubiyyət də, səfin dağılması da qaçılmaz olur. Buna görə də bütün zəhmət Sizif nümunəsinə çevrilir.
KAMİL

