Bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində doğma meydanda “Vorskla”nı qəbul edəcək “Qarabağ”ın düşərgəsinə qəfil basqın olub.
Sportinfo.az xəbər verir ki, AMADA-nın (Azərbaycan Milli Antidopinq Agentliyi) nümayəndələri komandanın hazırlaşdığı Bakı Olimpiya Stadionuna gələrək futbolçuların təcili dopinq testdən keçməli olduğunu bildiriblər.
Bu səbəbdən sabah əsas heyətdə meydana çıxacaq 7 futbolçu (Abdullah Zubir, Ansi Aqolli, İnnosent Emeqara, Şahruddin Məhəmmədəliyev, Abbas Hüseynov, Araz Abdullayev, Simeon Slavçev) bir otağa salınaraq ümumi hazırlıqdan kənar saxlanılıb.
Onların qidalanmasına, istirahətinə imkan verilməyib. UEFA adətən belə təftişləri oyun günü aparır. Milli Antidopinq Agentliyi oyun günü gəlir, püşklə futbolçuları seçir və onları yoxlayır.
Bu dəfə isə qəfil yoxlama bir gün öncədən olub və təftişə 7 futbolçu cəlb edilib. “Qarabağ” təcili olaraq UEFA ilə əlaqə saxlayıb və bu yoxlamanın səbəbi ilə maraqlanıb.
Qitə futbol qurumundan yoxlamadan xəbərsiz olduqlarını bildiriblər. Eyni zamanda tövsiyyə olunub ki, yoxlamalara mane olunmasın, əks halda klub 4 illik cəzalana bilər.
Bu, qətiyyən yaxşı hal deyil. zərbəsi «Qarabağ»a dəyməsə yaxşıdı. Oyuna 1 sutkadan da az qalmış, yəni, bütün futbolçuların yalnz qarşıdakı 90 dəqiqəni, qələbəni fikirləşməyə başlamış yaşanan son hadisənin düşərgədə narahatlıq yaratması birmənalıdı.
Qurban Qurbanova əlavə əziyyət verdilər. Baş məşqçi kontrola məruz qalan oyunçularını psixoloji gərginlikdən çıxarmağa çalışmalıdı. Qısa zaman kəsiyində bunu necə etsin? Təəssüf, onun da əlində sehrli çubuq yoxdu.
Mətbuatda yazılanlara görə, AMADA-nın basqınında AFFA-nın da «əli var». Azərbaycan Milli Antidopinq Agentliyi ilə əməkdaşlıq müqaviləsi bağlamış federasiyanın, yəqin ki, belə bir testin ediləcəyindən əvvəlcədən xəbəri olub.
AFFA konsentrasiyanın pozulmaması naminə «Qarabağ»a yardımçı ola bilərdimi? Təbii.
AMADA çağırılmamış qonaq qismində BOS-a təşrif buyurubsa, deməli, «şüşəbənd» arxasında əyləşənlərin niyyəti qitə arenasındakı yeganə təmsilçimizin şərəfini qoruyanların əsəbləriylə «oynamaqdı».
Yəni ki, düşmən dəyirmanına su tökürlər.

