“Qarabağ” - “Vorskla” qarşılaşması - erməni Qeqam gəlsəydi...

25 Oktyabr 2018 10:12 Avropa Liqası 598
“Qarabağ” - “Vorskla” qarşılaşması - erməni Qeqam gəlsəydi...

Bu gün Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda “Qarabağ” Ukrayna təmsilçisi “Vorskla” (Poltava) ilə qarşılaşacaq.

Bakı Olimpiya Stadionunda saat 20:55-də başlayacaq matçı İsrail Futbol Federasiyasından Roi Reynşreyber idarə edəcək.

Ona Danni Krasikou və David Elias Bitton köməklik edəcək. Dördüncü hakim funksiyasını Amihay Yehoşua Mozes yerinə yetirəcək.

“Vorskla” Avropa Liqasının qrup mərhələsində ilk turda səfərdə İngiltərə “Arsenal”ına məğlub olub - 2:4. Poltavalılar ikinci turda “Sportinq”lə oyunda qələbəni son dəqiqələrdə əldə verib-1:2. “Qarabağ” isə ilk turda səfərdə “Sportinq”ə 0:2, ikinci turda isə evdə “Arsenal”a 0:3 hesabı ilə uduzub.

“Qarabağ” daha əvvəl 2 dəfə Ukrayna təmsilçisi ilə qarşılaşıb və bunların birində məğlub olub, digərində qalib gəlib. Avropa Liqasının 2014/15 mövsümündə “Qarabağ” qrup mərhələsi çərçivəsində səfərdə “Dnepr”ə 1-0 hesabı ilə qalib gəlsə də, evdə 1-2 hesabı ilə uduzub.

Azərbaycan azarkeşləri üçün Ukrayna futbolu yad olmasa da, “Vorskla” haqda o qədər də məlumatlı deyilik. Bu klub 1955-ci ilin 5 yanvarında təsis edilib.

1996-cı ildə Ukrayna yüksək liqasında oynayan klub 1996/97 və 2017/2018 mövsümlərində bürünc mükafatın sahibi olub və ikinci dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıblar.

Bundan əvvəl Ukrayna klubu 2011/12 mövsümündə qrup mərhələsində iştirakçı olub. “Hannover”, “Standard” və “Kopenhagen”lə eyni qrupda mübarizə aparan paltavalılar son pilləni tutublar.

“Vorskla”nın hazırkı baş məşqçisi Vasili Saçko “Tavriya”, “Oskil”, “Volın”, “Krivbass” kimi klublarında hücumçu mövqeyində oynayıb. O, 2008/2012-ci illərdə hazırda çalışdırdığı klubda da çıxış edib. Sonra isə Poltava təmsilçisində iki il köməkçi məşqçi oldu. 2014-cü ildən isə komandanın baş məşqçisidir.

Klub Ukrayna çempionatında hazırda 4-cü sırada qərarlaşıb. Klubun 12 oyundan 18 xalı var. Müqayisə üçün qeyd edək ki, Ukrayna çempionatında liderlik edən “Şaxtyor”un hazırda 31 xalı var. “Vorskla”dan bir pillə öndə olan “Aleksandriya” ilə xal fərqi də az deyil - 7 xal...

Yeri gəlmişkən, “Vorskla” Ukrayna çempionatının 12-ci turunda ikinci yerdə qərarlaşmış Kiyev “Dinamo”suna öz meydanında 0:1 hesabı ilə uduzub.

Onu da qeyd edək ki, Ukrayna çempionatın da komandaların sayı əhalinin sayına görə çox azdır. Cəmi 12 klubun çıxış etdiyi yüksək liqada neçə illərdir ki, “Şaxtyor” hökmranlıq edir.

Klubun heyəti əsasən yerli oyunçulardan ibarətdir. Müdafiə xəttində Gürcüstandan (Andrio Qiorqadze), Malidən (Kane), Albaniyadan (Ardin Dallkul), Qanadan (N.Yakubu) və Braziliyadan (Artur (onun zədəli olduğu üçün Bakıya gəlməyəcəyi deyilir)) olan futbolçular var.

Yarımmüdafiə xəttində isə Ermənistan və Gürcüstanı təmsil edən daha iki legioner var. Aleksandr Koibaxidze və Qeqam Kadimyan. Qeqam Kadimyan məlumdur ki, Azərbaycana gəlməyəcək.

Bu həmin Qeqamdır ki, 2015-ci ildə Donetsk “Olimpik”i ilə müqaviləsinin müddəti başa çatan bu erməni hücumçunun guya Azərbaycan klublarında birinə transfer ola biləcəyi haqda sərsəm iddialar ortaya çıxmışdı. Amma Qeqam gəlsəydi, qaqa(lar)da onu meydanda... Nəsə...

Mümkündür ki, zədəli olan Aleksandr Koibaxidze də sabahkı oyunu buraxsın. Klubun hücum xətti isə braziliyalı Nikolas Kareka istisna olmaqla ukraynalı futbolçulardan ibarətdir.

“Qarabağ”la oyun ərəfəsi “Vorskla”da maliyyə problemlərinin olması barədə xəbərlər də diqqət çəkəndir. Ukrayna mətbuatının yaydığı xəbərə görə, klub rəhbərliyi oyunçulara borcludur, maaş problemi var. “Beş ayın maaşını, yaxud da bizə olan borcun yarısını ödədilər.

Nə qədər qaldığına baxmaq lazımdır. Amma ən yaxşısı bu sualı rəhbərliyə verməkdir. Avrokuboklara vəsiqə qazandığımız müəyyən məbləğ aldıq. Amma bəzi aylardan rəhbərliyin bizə borcu qalıb. Bildirildi ki, bunun üzərində iş gedir” deyə, “Vorskla”nın qapıçısı Boqdan Şust bildirib.

“Vorskla”nın Bakıya “yüz faiz” qələbə qazanmaq üçün gələcəyini demək çətindir. Ukrayna təmsilçisi vurulan və buraxılan qolların sayəsində hazırda üçüncü yerdə qərarlaşıb.

Həm “Qarabağ”, həm Ukrayna təmsilçisi yalnız nəzəri olaraq qrupdan çıxmaq şanslarını saxlayırlar. Bu səbəbdən “Qarabağ”da sabahkı qarşılaşmada qələbə qazanmağa çalışacaq. Yerli və beynəlxalq bukmeyker kontorları da bu qarşılaşmada üstünlüyü “Qarabağ”a verir.

Oyuna bundan əvvəlki “Arsenal”la qarşılaşmaya olduğu kimi xüsusi maraq, deyəsən, yoxdur. Bu da təbiidir. “Qarabağ” “Arsenal”la oyunda yaxşı təsir bağışladı, səviyyəli oyun nümayiş etdirdi. Hesab oyuna görə deyildi. Sadəcə, İngiltərə təmsilçisi oyunçularının təcrübəsi hesabına 3 top fərqi ilə qalib gəldi.

“Qarabağ” Azərbaycan çempionatında son turda “Səbail”ə minimal hesabla qalib gəlsə də, texniki səhv ucbatından məğlubiyyət alacaq.

Bu səhvlə bağlı yazımızda da qeyd etmişdik ki, “Qarabağ” zəif təsir bağışladı, ötürmələrdə xeyli səhvlər nəzərə çarpdı. Ümid edək ki, “Qarabağ” sabahkı oyunda azarkeşlərini sevindirəcək və qrupda ilk qol(lar) vuracaq, 3 xalını qazanacaq.

Uğurlar, “Qarabağ”...

Nazim SABİROĞLU,

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti