“Qarabağ” – “Vorskla” oyununa bilet satışı ilə bağlı xəbərləri böyük maraq, daha doğrusu, narahatlıq içində izləyirəm.
Bilirəm ki, satış çox zəif gedir, stadionun yarısı dolsa belə, papağımızı göyə atmalı olacağıq.
Papaq-mapaq öz yerində, adam o böyük stadionu boş görmək istəmir axı...
Bu başqa məsələ ki, “Qarabağ”ın “Bəhramov”dan BOS-a köç etməsi avantüra idi. Ona da əminəm ki, klub maliyyə planında bu köçdən heç nə qazanmayıb. İcarə haqqı bahadı, “Qarabağ”ın üç-beş rəsmisi gələn-gedən qonağı yola verməkdən ötrü əsir-yesir olur, oyundan sonra metronun “Koroğlu” stansiyasının ətrafı da Çənlibeli xatırladır. Sanki Koroğlunun dəliləri hansısa uzaq səfərə hazırlaşır, magistral boyunca adam əlindən tərpənmək olmur.
Amma və lakin... Yığma kimi, “Qarabağ” da payızın saralan yarpaqları fonunda həzz mənbəyi, adrenalin cövhəridi. Millətlər (bəziləri Zillətlər deyir...) Liqası olmasaydı, nə edəcəkdik? “Qarabağ” payıza qalmasaydı, nə edəcəkdik? Böyük ölçüdə heç nə... Barmaqlarımızı soracaqdıq, başqalarının oyunlarına baxıb, köks ötürəcəkdik...
Onsuz da toplum olaraq başqalarının uğurlarından ötrü sinov gedirik, hey müzakirə edirik, “Qalatasaray” belə gəldi, “Fənər” elə getdi, Messinin qolu sındı deyə, argentinalılara başsağlığı vermək lazımdı, nə bilim nə... Bunlar öz yerində, “Vorskla” ilə oyun özündənrazı və SSRİ dövründən bəri bizə yuxarıdan aşağı, soldan sağa, üfüqi və şaquli baxan ukraynalıları cəzalandırmaq üçün növbəti şansdı. Millət, azarkeş, jurnalist olaraq, bu şansdan niyə yararlanmayaq ki?!
“Qarabağ” oynayır e, “Qarabağ”... Cümə axşamı, BOS-da. “Qarabağ”a görə gəlin də...
HUŞƏNG

