"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Vorskla"da maliyyə problemləri davam edir.
Sportinfo.az xəbər verir ki, bir müddət əvvəl oyunçuların 5 aylıq maaşı ödənilsə də, klub yenə onlara borcludu.
32 yaşlı qapıçı Boqdan Şust maliyyə probleminin davam etdiyini bildirib: "Kiyev "Arsenal"ı ilə Ukrayna çempionatının 7 oktyabr oyunundan öncə klub bizə 5 aylıq borcları ödədi.
Daha sonra başqa ödəniş olmadı. Klubun hələ də oyunçulara borcu var. İndi isə klub prezidenti və vitse prezident soyunub-geyinmə otağına gəlib bizə vəziyyətin sabit olduğunu və qalan borcların da tezliklə ödəniləcəyini dedi.
Avropa Liqasında iştirak qarşılığında klubumuz müəyyən qədər vəsait qazanıb. Amma bizim bütün borclarımız ödənilməyib".
Oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” - ”Vorskla” oyunu saat 20:55-də başlayacaq. Ukrayna klubu Bakıya görüşdən bir gün əvvəl gələcək.

