“Qarabağ” oynadı, “Arsenal” qalib gəldi – şişirtmə deyil, faktdı.
Oyuna baxan istənilən şəxs bu fikrə şərik ola bilər.
Hə, hesab böyükdü, komandamız 3 cavabsız qol buraxıb. Lakin bu da ağdamlların oyununa kölgə sala bilməz. Avropa Liqasının qrup mərhələsinin 2-ci turundakı oyun azarkeşləri məmnun etmək baxımından ideal idi. “Qarabağ” layiqli oynayıb, pis hesabla uduzdu.
Futbolu olmayan ölkənin 67 minlik stadionu tam dolursa, bu azarkeşlərə minnətdar olmaq lazımdı. Elə komandanı əla dəstəklədikləri üçün də... Anşlaqın bir səbəbi İngiltərə nəhəngi idisə, digəri də onu Bakıya gətirən, eyni zamanda gözəl futbol sərgiləyən “Qarabağ”dı. Azarkeşlərin gözü tərəzidi – onlar futbol oynamağı bacaran komandanı canlı izləməyi lazım bilmişdi.
“Qarabağ” təkcə dünənki oyunda bəlkə də ötən il qrup mərhələsində yaratdığı epizodlar qədər qol şansı qazandı. Futbolçuların bəxti gətirmədi, bacarığı, səviyyəsi yetmədi. Rəqib isə qol epizodu yaratmadan hesabı açdı və ağdamlıların oyuna diqtə etdiyi dəqiqələrdə heç nədən qollar vurdular. Səviyyə fərqi var idi, onsuz da “Aresenal” qalib gələcək gücdəidi. Lakin hesab oyunun ümumi axarını özündə əks etdirmir – londonlular çətin qələbəyə layiq idi.
Futbolçuları qınamağın yeri yoxdu, ortada ölkə, klub fərqi var. Və hər ölkəyə, kluba uyğun futbolçular orada cəmləşib. “Qarabağ” da dünənki matçı Bakı Olimpiya Stadionunda uduzmadı, bu məğlubiyyət daha öncədən, xüsusilə yerli oyunçular futbolda ilk addımlarını atarkən “qazanılmışdı”. Daha yaxşı məktəb görənlər, ustalığını daha yaxşı inkişaf etdirənlər qalib gəldi.
“Arsenal” matça əsas heyətlə çıxmamışdı. Amma əvəzedicilər də bizim ən üst səviyyəli legionerlərimizi cibində gəzdirərdi. Tez düşünmə, topla davranış, sürətli oyun, futbolçuların zonalara açılmasındakı mexanizm, ötürmə vermək və onu qəbul etmək bacarığı – “Arsenal” dünən məhz bunun dərsini keçirdi. Komanda istədiyi vaxt qol vururdu, əla müdafiə olunurdu. Futbolçuların seçimi, istedadların yetişdirilməsi baxımından hətta AFFA-nın nümunə götürməli olduğu oyun idi.
Doğrusu, Qurban Qurbanov da məşqçi kimi xeyli artırıb, karyerasının zirvəsindədi. “Sportinq”lə oyunda olduğu kimi, dünən də o, rəqib məşqçiyə ağılda uduzmadı. Rəqib əla təhlil olunmuş, taktika qurulmuşdu. Hətta Unay Emeri "Qarabağ"ın diqtəsi üzündən fasilədə taktikanı dəyişməli oldu. Problem yalnız futbolçu seçimində idi və buna görə Qurbanovu qınamaq olmur. “Qarabağ”ın büdcəsi yalnız bu səviyyəli futbolçuları almağa çatır, hətta daha yaxşı imkanlar olsa da, səviyyəli əcnəbiləri 8 komandası olan Azərbaycana gətirmək mümkün deyil. Qurban bəyin düzgün oyun qurduğu yaradılan qol epizodlarında, ən yaxşı heyəti oynatdığı sonradan meydana çıxan futbolçuların oyununda özünü göstərdi.
Nəticəyə görə üzülməyə dəyməz. Belə oyuna görə məmnun olmaq lazımdı. Dünən “Səbail”lə, sabah “Keşlə”ylə oynayan komanda “Arsenal”la üz-üzə gələndə belə mənzərə ortaya çıxmalı idi. Avropada qələbələr üçün futbolumuz kompleks şəkildə böyüməlidi (futbolinfo.az).

