"Böyümək üçün bəzən belə böyük hesablı məğlubiyyətlər lazım olur" - günün sitatı budur.
"Arsenal"la qarşılaşmadan sonra mətbuat konfransında Qurban Qurbanovun dediyi bu frazanı bir neçə istiqamətə açmaq olar
- Belə böyükhesablı məğlubiyyət komanda üçün "tərs sillə" effektidir və ayılmağa çağırışdır
- İllərdir bu mərhələdən irəli sıçramamaq tendensiyasından qurtulmaqçün heyətə daha keyfiyyətli bir neçə oyunçu cəlb etmək gərəkdir - klub rəhbərliyinə göndərmə/xitab
- Ümumiyyətlə, böyük komandaya qarşı oyundan böyük təcrübə qazanmaq
Versiyaları artıra, yaxud arasından birini seçib, məğzi ifadə etdiyini özünüzçün ayırd edə bilərsiniz.
Fakt budur ki, Qurbanov "Arsenal"a 0:3 hesablı nəticəni böyük məğlubiyyət sayır və bunu böyüməkçün vasitələrdən biri kimi görür.
Qurbanov nadir hallarda bu dərəcədə iddialı, açıq proqressiv fikir bildirir. Şablondan uzaq bu açıqlamanın səbəbi bəlkə də odur ki, baş məşqçi özü də üfüqdə daha irəli getməyin yollarını görür/buna hazırdır. Sadəcə, bununçün münbit şərait, xammal yetərli deyil...
İstənilən oyunçuların gətirilməsində prolem görünmür, problem istənilənlərin Azərbaycana gəlmək istəməməsindədir.
İllərdir bu mərhələdən irəli sıçramamaq problemi isə "Qarabağ"ı aşan məsələdir. Bu, Azərbaycan futbolunun ümumilikdə nail ola biləcəyi ən yuxarı səviyyədir.
Böyük komandalara qarşı oynayıb, misilsiz təcrübə qazanmaq.. bu da zamanla faydaya çevrilmirsə, xatirədən o yana gedən bir şey olmur. Təcrübənin tətbiqi üçün areal var?
Və "Qarabağ" da bu yerdə olmaya bilərdi. Ancaq ardıcıl 5 dəfə avrokuboklarda qrup mərhələsinə yüksəlmək bu komandanın/klubun sistemindəki müntəzəmlikdən xəbər verir. Məsələ bundan sonrası üçün hazır olmaqdır.
Sonrası üçün irəliləməyə isə tək "Qarabağ" yetmir. Təəssüf, növbəti oyun "Keşlə" ilə olacaq. Azərbaycanda isə "Qarabağ"ın böyüməsi üçün sparrinq, rinq və sağlam rəqabət mühiti yoxdur. Piki budur və buna 5 dəfə nail olub. Təşəkkür...
Elçin Cəlilov
P.S. Qurbanovun qabartdığı kimi, Unai Emeri 3-lü müdafiə qurmuşdu və doğrudan da bu qarşılaşmada "Arsenal"ın belə yanaşma etməsi kimi miniatür detallardır uğurumuz.
Bütün zamanlarda Avropanın top klubu sayılan və əzəmətli tarixə malik rəqibə qarşı mübarizədə belə hallardır özünəinam hissi yaradıb, gələcəyə məqsədyönlü addımlamağa tutarlı əsas verən...

