"QARABAĞ" vs "ARSENAL": Bir oyunun ümid və ümidsizlik sirləri

4 Oktyabr 2018 14:12 Avropa Liqası 878
"QARABAĞ" vs "ARSENAL":  Bir oyunun ümid və ümidsizlik sirləri

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində bu gün "Arsenal"la üz-üzə gələcək.

Sözügedən oyunu qəbul edəcək Bakı Olimpiya Stadionunda 4-cü dəfə avrokubok matçı keçiriləcək.

Bundan əvvəlki 3 oyun ötən mövsüm "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsində "Roma", "Atletiko" və "Çelsi" klubları ilə baş tutmuşdu.

Bu dəfə isə BOS Avropa Liqasının oyununu ilk dəfə qəbul edəcək. Bu meydanda "Qarabağ" keçirdiyi 3 oyunda qalib gəlməyib (1 heç-heçə, 2 məğlubiyyət).

Azərbaycan çempionu cari yarışmaya Portuqaliyada start verdi. «Sportinq» ikinci hissədə vupduğu 2 cavabsız qolla 3 xala sahibləndi. Ümumiyyətlə, matç üçün zənnimcə, rəqibi yetərincə öyrənə bilmiş məşqçi korpusunun fərqli planları, strategiyası var idi.

Söz yox ki, taktiki seçimlə bağlı iradlar səsləndirmək tam doğru olmaz. Lakin mücadilənin gedişində vəziyyətə görə taktiki dəyişikliyə əl atılmaması bir qədər təəssüf doğurur.

Görünən o idi ki, komandanın əsas məqsədi layiqli oyunla böyük hesablı məbluğiyyətdən yaxa qurtarmaqdı.

Psixoloji təzyiqin əsl səbəbi, məncə, bunda gizlənir. Fəqət qarşılaşmanın gedişi əyani nümayiş etdirirdi ki, rəqib özü kollektivimizə cürətli olmağa əsas verirdi. İndi daha kiçiklikdən, özünü zəif, autsayder, layiq olmayan saymaqdan əl çəkib, «layiqli oyun» standartını bir qədər fərqli hazırlığa, güvənə, inama, qələbə ovqatına kökləmək lazımdı.

Səhvlərdən, riskdən çəkinmək daha çox qorxaq futbola doğru yönəldir. Təbii ki, ayrı-ayrı amplualar üzrə futbolçuların hazırlığı da komandaya əsas mane olan qüvvədi. Yay hazırlığı dövründə «Qarabağ» bir addım yüksəlmək üçün əsaslı yenilik etmədiyi bu matçda özünü büruzə verdi.

Hətta mövcud heyətin potensialının tam açılmadığı, tam formalaşmış kollektiv görmədiyimizi bu mühüm qarşılaşma da üzə çıxardı.

Qurban Qurbanovun bu səbəbdən «Arsenal»la matça Azərbaycan çempionunun bir qədər inamlı görünməsi üçün kartları açması daha yaxşı olar.

Futbolçuların bir qədər sərbəstliyinə ehtiyac var. Konkret sxemlərə çəkilən heyət daha çox şablonlaşaraq, yaradıcı qüvvəsini itirir, irəli atılmaq üçün olan-qalan potensialını heçə endirir.

Bir sözlə, «Qarabağ»ın nəticəyə bağlı oyunu ümid verir. Potensial hələ ciddi rəqabətə qoşulmaq üçün yetərlidi. Taktiki-strateji hədəflər düzgün qurularsa, hər birinin öz zəif cəhətləri olan rəqiblərə qarşı planlar cızıla bilər.

Bütün bunların fonunda yenə «layiqli oyun» prinsipi bu deyilənlərin həyata keçirilməsini şübhə altına alır. Bu komanda bəs nə vaxt özünə, oyununa, gücünə inanıb irəliləməyi öyrənəcək?

Ümidləri nisbətən zəiflədə biləcək yanaşma, bax, budu. Onun çözümü isə məşqçi korpusunun psixologiyasında gizlənir - parlamasını gözləyirik. Bir sözlə, «Qarabağ» iddialı olmaq istəsə, yüksələ bilər.

BATI YAR

«E» qrupu

1-ci tur

«Sportinq» (Portuqaliya) - «Qarabağ» (Azərbaycan) 2:0 (0:0)

20 sentyabr. Lissabon. «Joze Alvaladu» stadionu.

Hakimlər: Fransua Letesye - Siril Münye, Mehdi Rəhmuni - Bertran Jonno - Frank Şnayder, Kərim Abid, (Fransa).

Qol: Rafinya, 54, Kabral, 88.

Sarı vərəqə: Mədətov, 33.

«Sportinq»: Roman Salen, Sebastyan Koates, Brunu Fernandeş, Markos Akunya, Fredi Montero (Abdulay Diabi, 90+1), Stefan Ristovski, Rodriqo Battalya, Nani (kap.; Covane Kabral, 86), Rafinya, Jeremi Matye (Andre Pintu, 75), Nemanya Qudel. Baş məşqçi: Joze Pezeyru.

"Qarabağ": Vaqner, Bədəvi Hüseynov, Yakub Jezniçak, Maksim Medvedev (kap.; Abbas Hüseynov, 62), Vild-Donald Gerye, Qara Qarayev (Miçel, 58), Coşqun Diniyev, Abdulla Zubir (Araz Abdullayev, 68), Filip Ozobiç, Mahir Mədətov, İnnosent Emeqara. Baş məşqçi: Qurban Qurbanov.

Qrupun digər oyunu: «Arsenal» - «Vorskla» 4:2.

2-ci tur 4 oktyabr

«Qarabağ» - «Arsenal»

«Vorskla» - «Sportinq»

3-cü tur 25 oktyabr

«Sportinq» - «Arsenal»

«Qarabağ» - «Vorskla»

4-cü tur 8 noyabr

«Arsenal» - «Sportinq»

«Vorskla» - «Qarabağ»

5-ci tur

«Vorskla» - «Arsenal»

«Qarabağ» - «Sportinq»

6-cı tur 14 dekabr

«Arsenal» - «Qarabağ»

«Sportinq» - «Vorskla»

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti