Sportinfo.az xəbər verir ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsi çərçivəsində ikinci matçını "Arsenal"a qarşı keçirəcək.
Hər iki komandanın baş məşqçisi mətbuat konfransında media nümayəndələrinin suallarını cavablandırıb.
Bakı Olimpiya stadionunun media zalına ilk olaraq Qurban Qurbanov dəvət edilib. Nəticə barəsində proqnoz vermək istəməyən təcrübəli mütəxəssis yaxşı oyun göstərməyə çalışacaqlarını deyib.
Daha sonra Arsenal klubunun baş məşqçisi Unai Emeri jurnalistlərlərlə görüşüb. Henrik Mxitaryanın xəstələnməsi səbəbindən Bakıya gətirilmədiyini deyən məşqçi, “Qarabağ”ın əvvəlki oyunlarını izlədiyini bildirib.
Daha sonra Arsenal futbolçuları Bakı Olimpiya stadionunda oyun öncəsi son məşqə çıxıblar. Komanda paytaxtımıza bugün gəldiyi üçün Emeri yetirmələrini çox yormayıb.
“Qarabağ” - “Arsenal” matçı 4 oktyabr tarixində saat 20-55-də start götürəcək. Qarşılaşma üçün satışa çıxarılmış biletlərin 50 mindən artığı satılıb.

