Mxitaryan gəlmədi, bəs Özil qapımıza top vursa...

3 Oktyabr 2018 17:12 Avropa Liqası 807
Mxitaryan gəlmədi, bəs Özil qapımıza top vursa...

Sabah “Qarabağ” Avropa Liqasının ikinci turunda “Arsenal” ilə qarşılaşacaq.

Bakı Olimpiya Stadionunda keçiriləcək oyun 20:55-də başlayacaq.

Qarşılaşmanı italiyalı hakimlər briqadası idarə edəcək. Matçın referisi Davide Massa olacaq. Filippo Meli və Alessandro Kostantso yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər. Daniele Doveri ilə Mixael Fabbri əlavə köməkçi, Fabiano Preti isə 4-cü hakim olacaq.

Oyuna 50 min bilet satılıb və bu rəqəmin daha çox olacağına şübhə yoxdur. “Arsenal” hər dəfə Bakıya gələn klub deyil ki...

“Arsenal” bu gün çarter reysi ilə Bakıya gələcək. Qol.az-ın məlumatına görə, elə həmin gün saat 18.30-da klub ilk məşqinə çıxacaq, komandanın baş məşqçisi Unai Emeri də mətbuat konfransı keçirəcək.

“Qarabağ”ın Avropa miqyasında qarşılaşmalarında rəqiblərin ən çox narazı qaldığı yolun uzaq olmasıdır. Ötən il ÇL oyunlarında da rəqiblərimiz bundan gileylənirdilər.

UEFA-nın məlumatına görə, bu, “Arsenal”ın 132 illik tarixində ilk ən uzun səfəridir. Cəmi 4000 km... İngilisləri gətirən təyyarə təxminən 5 saat yarım havada olacaq.

Zalım uşaqları, bəs “Qarabağ” da səfər oyunlarına gedəndə bu qədər məsafə qət etməli olur də. Sizin canınız candır, bizim ki dəmir?

***

Püşkatmadan dərhal sonra başlayan “Arsenal”ın yarımmüdafiəçisi Henrix Mxitaryanın Bakıya gəlib-gəlməyəcəyi mövzusu xeyli uzandı və sonda gözlənilən oldu: Henrix Bakıya gəlməyəcək.

Klub rəsmiləri hələ əvvəl gündən deyirdilər ki, Mxitaryanın təhlükəsizliyi onlar üçün hər şeydən önəmlidir. Mxitaryan axı gəlib Bakıda on minlərlə azarkeşin qarşısında nə edəcəkdi ki? Heç nə!

Bu əvvəldən də bilinən həqiqət idi, sadəcə, ermənilər burada da bir az əsəblərimizlə oynadı. Hələ indidən başlayıblar ki, bu erməni dığasının Bakıda olacaq Avropa Liqasının finalında iştirakı da sual altındadır.

Hələ bu “Arsenal” bir finala gəlib çıxacaq ki, Mxitaryanı da gətirsinlər? “Arsenal” bu qrupdan çıxacaq, amma finaladək gedib çıxacaqlarına mənim heç gümanım yox.

Baxmayaraq ki, “Qarabağ”ın ÇL ötənilki rəqibi, 2 xalını “yediyimiz” “Atletiko” Avroliqanın qalibi oldu, bu dəfə “Arsenal”ın da bu nəticəyə sahib olacağını gözləməyin. Sadəcə, ermənilər kimi ingilislər də xəyalpərəstdir...

Yeri gəlmişkən, sən demə, Mxitaryanın adı XİN-in qara siyahısında yoxmuş. Mxitaryan 2011-ci ildə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarına qanunsuz səfər etsə də, Azərbaycana girişinə XİN rəsmən qadağa qoymayıbmış. Niyəsini XİN bilir...

***

“Qarabağ”ın “Sportinq”lə səfər oyununda 2:0 uduzması oyuna görə hesab deyildi. “Qarabağ” son aylar ən yaxşı və stabil oyununu keçirdi və təəssüf ki, Lissabondan xalsız qayıtdı.

“Qarabağ” “Sportinq”dən yalnız hücumların kəsərinə görə geridə qalırdı. “Sportinq”lə oyunun qəhrəmanı isə mənim qiymətləndirməmə görə Girye idi. Əjdaha kimi oynadı.

Rəqib hücumçuların qarşısını o qədər ustalıqla alırdı ki... Sonra Qurban Qurbanov onun mövqeyini dəyişdi, bir az hücuma da meylləndi və yenə yaxşı oynadı. Giryenin “Arsenal”la oyunu buraxması bu mənada ən böyük itkidir.

“Qarabağ” tədricən özünə qayıdır, bu sevindirici haldır. Amma əsas problem yenə qalmaqdadır. Hücum və hücumçu! Qurban Qurbanovun oyun strategiyasını “qorxaq” adlandırmaq ən azı “Sportinq”lə oyuna ədalətli yanaşma deyildi.

Məncə, bu cür tənqidlərin əsas səbəbi “Qarabağ”ın hücumçu problemidir. Bunu demək olar ki, hər oyundan sonra yazıram və artıq yorulmuşam da. “Qarabağ”ın milli çempionatda “Sabah”la son qarşılaşmasına baxdım.

Statistika üçün qeyd edək ki, “Qarabağ”ın baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında klub 250-ci qələbəsini qazanıb və bu münasibətlə baş məşqçini təbrik edək. Qələbələrdən 34-ü Avropa miqyasında oyunlara təsadüf edir ki, davamının olmasını arzulayaq.

İnnosent Emeqara 4 qolla bombardirlər siyahısındadır və “Sabah”ın qapısına da qollardan birini o vurdu. Amma hətta milli çempionatın, səhv etmirəmsə, debütantı ilə oyunda da “Qarabağ”ın hücum xəttində xeyli problemlər olduğu qabarıq göründü.

Qurban Qurbanov Avroliqanın oyunlarında gənc forvard Mahir Mədətova etibar etməsini alqişlayaq, yəqin bir bildiyi var ki, bu cür ağır qarşılaşmalarda ona güvənir.

Amma yenə də təəssüf ki, bu etibarın qarşılığı hələ ki meydanda görünmür. “Sabah”la qarşılaşmada da gənc forvard fərqlənə bilmədi. Ozobiçin penaltini vura bilməməsi həm də o deməkdir ki, o da klubda ayağını möhkəmlədə bilmir.

“Qarabağ” hücum qurmaqda çox axsamır, bu Qurban qardaşımızın bildiyi işdir. Amma qol vəziyyətlərini reallaşdırmaq lazımdır. Bu, əlbəttə ki, təkcə hücumçunun işi deyil. Yarımmüdafiəçilərin üzərinə də böyük iş düşür.

Hücumdan danışmışkən, “Qarabağ”dan gedənlər arasında ən çox yeri görünən Pedro Enrikedir. Universal və peşəkar oyunçu idi. O, heyətdə qalsaydı, yəqin ki,"Qarabağ"ın yarımmüdafiə və hücum xəttinə indiki kimi çox tənqid olmazdı...

***

Sonda sabahkı qarşılaşmada bizə rəqib olaraq meydana çıxacaq bir yarımmüdafiəçi haqda da yazmaq pis olmazdı.

Türk əsilli Məsud Özil. Bir neçə ildir “Arsenal”ın şərəfini qoruyan bu türk futbolçu müqaviləsinin müddətini 2021-ci ilin yayınadək uzadıb.

Maraqlıdı ki, “Qarabağ”la oyun “Arsenal”ın futbolçusu üçün əlamətdar bir tarixə təsadüf edir. Türk əsilli yarımmüdafiəçi Bakida meydana çıxacağı təqdirdə, avrokuboklarda 100-cü matçını keçirəcək.

Mxitaryan bəlasından qurtardıq, bəs Özil həm də bu cür tarixi gündə qapımıza top vursa nə olacaq? Bu, futboldur deyənlərə mən də qoşuluram.

Amma nəinki Özilin qol vurmasına, heç “Arsenal”ın Bakıdan xal apara bilməyəcəyinə inanıram və Mxitaryan gəlməsə də onu məyus etməyin yolu yenə Bakıdan keçir.

Uğurlar, “Qarabağ”

Nazim SABİROĞLU

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti