Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində baş tutacaq “Qarabağ” - “Arsenal” qarşılaşmasından öncə keçiriləcək mətbuat konfransları və oyunöncəsi son məşqlərin vaxtı bəlli olub.
Sportinfo.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oktyabrın 3-də Bakı Olimpiya Stadionun mətbuat konfransında saat 14:00-da media mənsublarının önünə çıxacaq.
“Qarabağ”ın son məşqi isə saat 19:30-da Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
“Arsenal”ın baş məşqçisi Unay Emeri saat 18:00-da Bakı Olimpiya Stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq.
"Arsenal"ın oyunöncəsi son məşqi isə saat 18:30-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

