"Mxitaryan Bakıya getsə, ona qətiyyən heç nə olmayacaq"

27 Sentyabr 2018 18:00 Avropa Liqası 586
"Mxitaryan Bakıya getsə, ona qətiyyən heç nə olmayacaq"

Ermənistan millisinin sabiq qapıçısı və yığmanın qapıçılarla iş üzrə məşqçisi Roman Berezovski, həmçinin yunan-Roma güləşi üzrə olimpiya mükafatçısı Miqran Arutyunyan “Arsenal”ın futbolçusu Henrix Mxitaryanın Bakıya mümkün səfəri haqda danışıblar.

Sportinfo.az xəbər verir ki, Rusiyanın sport24.ru saytına müsahibəsində Berezovski bildirib:

“Henrixdə ikitərəfli vəziyyətdir. Bakıdakı oyunda iştirak edib-etməyəcəyi ilə bağlı qərarı Mxitaryan, sonra UEFA verəcək. Məncə, Bakı Henrix üçün təhlükəsiz olacaq".

"Bakı 2015" I Avropa Oyunlarının iştirakçısı Miqran Arutyunyan isə deyib: “Əgər Henrixin Bakıya getmək şansı varsa, birmənalı şəkildə bundan yararlanmalıdır.

Onu orda qəbul edirlərsə və şərt irəli sürmürlərsə, niyə də getməsin? Mən özüm də Artsaxda (Dağlıq Qarabağ – red.) olmuşam. Nə olsun ki? Bakıya səfər etdim, çətinlik yaranmadı. Yarışlarda əlbəttə, təzyiq hiss edirsən, böyük tribunalar və bir neçə min insan tərəfindən fitə basılırsan.

Ayaqlarını yerə vururlar. Əlbəttə, bu, insanda yaxşı əhval-ruhiyyə yaratmır. Amma inanın, bu, qətiyyən bizə mane olmur.

Mən azərbaycanlılara yaxşı yanaşıram. Onların çoxu ilə dostluq edirəm. Yaxşı insanlardır. Hər bir millətdə bizə xoş olan və olmayanlar ola bilər”.

Tanınmış rusiyalı teleşərhçi Vasili Utkin isə məsələylə bağlı bildirib: “Əgər Henrix özü bu haqda məndən soruşsa, ona Bakıya uçmağı məsləhət görərdim. Amma məndən bu haqda soruşmayacaq və düz də edəcək.

Henrix Bakıya getsə, ona qətiyyən heç nə olmayacaq. Ən pis halda azarkeşlərin təzyiqinə dözəcək. Çünki o, kişidir. Yox, əgər publika ona yaxşı reaksiya göstərsə, bu addımı qiymətləndirmək yaxşı işarə olar”.

Mxitaryanın üzvü olduğu İngiltərə "Arsenal"ı Avroliqanın qrup mərhələsində oktyabrın 4-ü Bakıda "Qarabağ"la qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti