“Qarabağ”a “güllə atdığımız” yetər, indi güllər vaxtıdı...

18 Sentyabr 2018 17:24 Avropa Liqası 631
“Qarabağ”a “güllə atdığımız” yetər, indi güllər vaxtıdı...

Sentyabrın 20-də “Qarabağ” Avropa Liqasının qrup mərhələsində ilk oyununda “Sportinq”in qonağı olacaq.

“Qarabağ”ın bu sezon Avroliqanın qrup mərhələsinə düşməsinə hələ də ağız büzənləri heç anlamıram.

Azərbaycanın əsas klubunun Çempionlar Liqasına düşə bilməməsinin obyektiv və subyektiv səbəblərini sıralamağa da daha ehtiyac yoxdur. O ərəfədə ürəyimizi boşaltdıq, hərdən haqlı, hərdən haqsız tənqidlərlə...

“Qarabağ”a “güllə atmaq” indi çox asandır, klubda xeyli çatışmayan tərəflər var, heyət stabilləşməlidir. Üstəlik də tənqidə dözümlü Qurban Qurbanov amili də var. Rəhmətlik Elçibəyin məşhur kəlamı yada düşür:

“Fağır bir prezident tapmısız, sağdan da vurursuz, soldan da...” İndi içi mən qarışıq Qurban qardaşımızı sağdan - “Qarabağ”a görə, soldan - milli komandanın Millətlər Liqasındakı oyununa görə tənqid edirik.

İki gün əvvəl bir telekanalda tanımadığım bir mütəxəssis deyirdi ki, Azərbaycanda ancaq polya var, nə milli var, nə klub, nə futbol, nə futbolçu. Bu qədər də amansız olmayaq, məncə. “Qarabağ” qara qaşına görə indi

Avroliqanın qrupunda deyil axı. “Qarabağ”, əlbəttə, ötən ilkindən daha güclü heyətə sahib olmalı idi, daha sanballı oyunu ilə seçilməli idi. Niyə gözlədiyimizin olmamasının səbəbləri də aydındır, amma “Qarabağ”ın Avroliqada olması çox vacib idi. Bu kluba çox lazım idi, azarkeşə də, azarkeş olmayana da, AFFA-ya da, Azərbaycana da...

“Qarabağ”ın “Arsenal” və “Sportinq” kimi güclü rəqiblərlə bir qrupa düşməsi, əlbəttə ki, gözümüzü qorxudur, narahatlığımızı artırır. Amma bu da bizim taleyimizdir. “Qarabağ” üçün daima narahatlıq...

***

“Sportinq”in tarixi 1906-cı ilin iyulundan başlayır. Bu illər ərzində 18 dəfə ölkə çempionu, 16 dəfə ölkə kubokunun, səkkiz dəfə Super Kubokun sahibi olub.

Əlbəttə ki, klubda bu illər ərzində həm zirvəyə qalxma, həm eniş dövrləri olub. Klubda kimlər baş məşqçi olub? Bu siyahı uzundur, amma üç ad futbol azarkeşlərinə daha yaxşı tanışdı: Malkolm Ellison, Bobbi Robson və Karluş Keyruş.

1981-1982-ci illər mövsümündə “Sportinq” ingilis baş məşqçisi Malkolm Ellisonun rəhbərliyi altında həm ölkə çempionu, həm ölkə kubokunu qazansa da 80-ci illərin sonu xeyli gerilədi. 1980-ci illərin sonu və 1990-cı illərin əvvəlləri “Sportinq”in ən çətin dövrü kimi yadda qalıb.

1992-ci ildə kluba hətta məşhur ingilis Bobbi Robson da dəvət edilib. Robson yalnız ilyarım “Sportinq”də duruş gətirə bilib və klubu krizisdən çıxara bilməyib. Bundan sonra isə (1994) Karluş Keyruş klubun məşqçi korpusuna rəhbərliyə gətirilib. İki ildə kluba o, baş məşqçilik edib.

Keyruşun rəhbərliyi dövründə “Sportinq” çempion olmasa da, həm ölkə kubokuna, həm Superkuboka sahib ola bilib. Komandanın son illərdə ən böyük uğuru isə 2005-ci ildə Avropa Liqasının finalında oynamaq olub.

Ötən il isə “Sportinq” qalmaqallarla gündəmə gəldi. Avropa Liqasında klub 1\4 mərhələdə “Atletiko”ya məğlub olaraq yarımfinala çıxa bilmədi. İlk oyunda Lissabon təmsilçiləri səfərdə 0:2 hesabı ilə məğlub oldular.

Doğma meydanda isə bu klub yalnız vurulan qollardan birinin əvəzini çıxa bildi. 28-ci dəqiqədə Freddi Monteronun vurduğu top növbəti mərhələyə çıxmaq üçün bəs etmədi. “Sportinq” ölkə çempionatında da “Porto”dan xeyli geridə qalırdı və artıq çempionluq şansı dəfn edilmişdi.

Bu səbəbdən bütün ümidlərini bağladığı Avroliqada da uğursuzluq klubun prezidentinin səbrini daşırdı. Klubun oyunçularını təhqir etdiyi üçün bir neçə futbolçu heyəti tərk etdi. İş o yerə çatdı ki, azarkeşlər də uğursuzluğa görə klubun futbolçularını günahladırmağa başladılar və hətta komanda üzvlərinə hücumlar da oldu.

Amma klub funksionerləri toplaşaraq vəziyyətə əl qoydular. Direktorlar Şurası böyük səs çoxluğu ilə 2013-cü ildən klub prezidenti olan Joze Rikkyardı istefaya göndərdi. Sentyabrın 8-də isə Frederiku Varandaş klubun yeni prezidenti seçilib.

Klub bu qalmaqallardan sonra sifətini qorumaq üçün bəzi transferlər həyata keçirib. Məsələn, bu ilin yayında Mali yığmasının forvardı Abdulaem Diabi 60 milyon avroya kluba transfer olunub. Onun son klubu Belçika “Brügge”si olub. Daha bir səs-küylü transfer yenə yayda gerçəkləşib. Belə ki, 31 yaşlı Nani yenidən kluba qayıdıb və ona kapitan sarğısı etibar edilib.

Naninin futbol karyerası 2000-ci ildə “Sportinq”də başlayıb. Əvvəl o, klubun gənclər heyətində, 2005-2006-cı illərdə isə əsas heyətdə yer alıb. “Mançestr Yunayted”, “Valensiya” və “Latsio”da oynadıqdan sonra yenidən “Sportinq”ə qayıdıb.

Klub oyunlarını 50 min tutuma malik “Joze Alvalade” stadionunda keçirən “Sportinq” son mövsümdə 3-cü yeri tutaraq Avropa Liqasının qrup mərhələsində oynamaq hüququ qazanıb.

“Sportinq”də necə atmosfer olduğu haqda “Qarabağ”ın uğurlu transferlərindən olan yarımmüdafiəçi Simeon Slavçevin müsahibəsində tanış oldum. Slavçevin dediklərini siz də oxuyun:

“Həqiqətən çox xoşbəxtəm. Xüsusilə də ”Sportinq"dən ayrıldığım üçün. Bu, mənim üçün böyük bir yük idi. Orada daim psixoloji və idarəçiliklə bağlı problemlər olurdu".

Hazırkı baş məşqçisi Joze Pezeiru də kluba yeni təyinat alıb. 58 yaşlı portuqaliyalı mütəxəssis 2004-2005-ci illərdə də klubda işləyib. Son iş yeri isə Birləşmiş Ərəb Əmirliklərinin “Şarja” klubu olub.

Baş məşqçi “Qarabağ”la keçiriləcək görüşü vacib hesab edir və klubu bu görüşə ciddi hazırlayır. Nəzərə alsaq ki, klub məhz ötən il Avroliqdakı məğlubiyyətdən sonra dağılmaq təhlükəsi ilə üzləşib, o səbəbdən “Sportinq” meydana çox iddialı çıxacaq. “Qarabağ” üçün bu oyunda ən yaxşı nəticə əlbəttə ki, bir xalla Bakıya dönmək olardı. Qələbə isə lap əla olardı. Arzulamaq ziyanlı iş deyil.

“Qarabağ”a “güllə atdığımız” yetər, indi güllər vaxtıdır.

Uğurlar, “Qarabağ”!

Nazim SABİROĞLU

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti