«Qarabağ» indi daha böyük vəzifə uğrunda yarışmalı olacaq.
Çünki final matçı Bakıda keçiriləcək bir yarış həm də komandamızın, nəhayət, qrupdan çıxması ilə tarixdə xüsusi yerini tutsa, böyük zəfər anı kimi qəbul edilə bilər.
Halbuki rəqiblər, ötənilki kimi, yenə bir-birindən tam fərqli və çox mürəkkəbdi. İlk öncə ona görə ki, hər üç rəqib istər üslub, istər tərz, istər oyun fəlsəfəsi, istər oyunçu potensialı ilə bir-birindən çox fərqlidilər.
Əlbəttə ki, favorit ingilis-portuqal cütlüyü olacaq. Lakin hətta bu halda belə, «Qarabağ»ın öz şansı var. Bunun üçün prinsipial olaraq, rəqiblərin oyunu yaxşı mənimsənilməlidi.
Yenə əsas vəzifə «layiqli çıxış etmək» kimi formalaşdırılsa, yekun nəticəyə indidən hazırlaşmaq olar.
Komanda açıq-aydın elan edilməsə də, pley-offa çıxmağı qarşısına vəzifə qoyaraq, buna inanmalıdı. Çünki 2009-cu ildən bu yana mütəmadi pley-offlar, 2014-cü ildən bu yana qruplar səviyyəsinə qədər yüksələn bir koddektivin bu tarixi təcrübədən faydalanması və özünü göstərməsi zəruri tələbdi.
Bunun verdiyi inam hissinin təsirləri olmalı və özünü göstərməlidi. Qrupun tərkibi nə qədər mürəkkəb olsa da, hər üç rəqibin zəif yerləri kifayət qədərdi.
«Qarabağ»ın ötən il olduğu kimi, bu dəfə də mübarizəyə səfərdə ən təhlükəli yaradıcı rəqibi ilə başlaması təbii qarşılanmalıdı. Lakin bu dəfə ötənilki təcrübədən çox faydalanmaq olar.
«Şerif»lə qarşılaşmanın izi ilə getsək, hətta bu formatda da «Sportinq» bir zərbə ilə çaşdırıla bilər. «Sportinq»in Portuqaliya çempionatındakı ilk görüşləri ötən illə müqayisədə formalaşma dövründə olduğunu göstərir.
Lakin ilk turla «Qarabağ»la matça qədər keçirilən qısa yol «Sportinq»in oyundan-oyuna gücləndiyini nümayiş etdirir. Hər halda təkcə debüt oyunu olması ilə deyil, həm də «Qarabağ»ı qrupdan çıxarmağa apara biləcək potensial matç dəyərində olan ilk turdakı qarşılaşmada göstəriləcək hazırlıq səviyyəsi və iddialılıq çox mühüm əhəmiyyət kəsb edir.
1 xal belə, çox ümidverici ola bilər. Bu halda ən müsbət məqamlardan biri komandamızın daha sonra «Arsenal»ı doğma divarlar arasında qarşılayıb, «Vorskla» ilə matçları dalbadal keçirməsidi. Bir sözlə, iştahı diş altına salmaq üçün «Qarabağ» artıq son illərdə topladığı təcrübə ilə özünü zəif bənd hesab etməməlidi.
Hərçənd son açıqlamalarda PSV-dən BATE-yə «qol yağışı»nı (3:2 və 3:0) görüb, Avropa Liqasına düşməyi ayıb saymaq və buna bənzər ifadələrin də günədmdə yer alması, kimlərəsə görə, qeyri-peşəkarcasına özünə haqq qazandırmaq üçün ortaya atılmış ifadələrdi və bu tip yanaşma, özünü və imkanını Avropaya uyğunlaşdırmaq istəyən bir komanda üçün tam yersiz və onun hələ də məhdud çərçivə təxəyyülündə qalmasını göstərir.
VÜQAR

