Final matçı Bakıda keçiriləcək qitənin nüfuzuna görə ikinci klub turnirində əsas mərhələyə doğru son addım da atıldı.
Ölkəmizi təmsil edən «Qarabağ» yenə ümidləri doğruldaraq, qrup mərhələsində yerini aldı.
Komandanın budəfəki yolu əzablı adlandırıla bilər. Yalnız son və həlledici matçda özünü toparlayaraq, həm də daha çox rəqibin səhvlərindən faydalanaraq, seçmə mərhələlər sınağından qrup mərhələsinə adladı.
Bakıda «Şerif»lə görüşün gərgin keçməməsi üçün komandanın son illərdəki standartlarına yaxınlaşması lazım idi. Bunun üçün erkən qol çox əhəmiyyət kəsb edirdi və həmin qol tam zamanında – ilk ondəqiqəlikdə vuruldu.
Sonrakı dəqiqələrdə ən mühüm olan vəzifəni Azərbaycan çempionu unutmadı və oyunun ipini rəqib əlinə vermədi.
Doğrudu, bəzən həyəcanlı anlar yaşandı. Lakin moldovalıların dişsizliyi klubumuzun karına gəldi, yaxud hər təhlükə siqnalını lazımınca duyaraq, özünü toparlaya bildi.
Bu matçda ən vacib məqam oyunun orta zonadan idarə olunmasıydı. «Qarabağ» nəinki bunu bacardı və son illərdə ən nümunəvi oyunlarından birini keçirərək, həm də quruculuqda böyük səmərə nümayiş etdirdi.
Faydalı iş əmsalı futbolçuların bir-biri ilə anlaşıqlı oyununda, itkilərin faizinin çox aşağı olmasında, ötürmələrin çeşidi və dəqiqliyində əksini tapdı. Komanda nizamı da bununla formalaşaraq, rəqibin susdurulmasını təmin etdi.
Açığı, rəqibdən daha ciddi oyun gözləməyə dəyərdi. Fəqət, Bakıdakı görüşdə qonaqların səfi tamam dağılmışdı. Elə bil, bir həftə əvvəl doğma divarlar arasında meydana çıxan komandadan əsər-əlamət qalmamışdı.
Görünür, onlar ya Bakıda istədikləri nəticəyə inanmır, ya da erkən qolu gözləmirdilər. Çünki həmin qoldan sonra rəqibin bəzi epizodlarda potensialının normal rəqabətə yetərli olması açıq-aydın sezilirdi.
Yaxşı ki, hər şey elə «Qarabağ» istəyən tərzdə davam etdi və ikinci qoldan sonra rəqib özünü toparlaya bilmədi.
BATI YAR

