"Bizim üçün indi əsas yaxşı istirahət etməkdi, çünki son 1-1,5 ayda çox oyunumuz olub.
Həm fiziki, həm də psixoloji planda çətindi, Avropa Liqasında Bakıdakı matçdan sonra komandanı çempionat matçına kökləmək çətin idi.
Üstəlik, bəzi futbolçularımız yığmaya çağırılıb. Bu matçda hər şey istədiyimiz kimi yekunlaşdı".
Sportinfo.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində məğlub etdiyi "Şerif"in baş məşqçisi Qoran Sabliç bildirib.
Moldova çempionatının son turunda "Sfıntul George"ylə səfər matçında 3:1 hesabıyla qalib gələn Tiraspol klubunun çalışdırıcısı Bakıda aldığı 0:3 hesablı məğlubiyyətdən sonra komandanı motivasiya etməkdə çətinlik çəkdiyini gizlətməyib:
"Bu, həmişə asan olmur. Hər şeyin normal olduğunu demək asandı. Futbol oynayan hər bir insan belə vəziyyətdə olub.
Başa düşür ki, belə oyundan sonra çətindi, çünki emosiyalar işləyir, aydın məsələdir ki, üzülürsən. Buna görə də deyirəm ki, bizim üçün əsas bu gün qalib gəlməyimiz idi".
Sabliç Bakıdan zədəli futbolçularla qayıtmalarından da danışıb: "Hər üç mərkəz hücumçumuz zədəlidi. Aleksandr Boyçuk Bakıdakı matçdan sonra sıradan çıxıb. Hələ bilmirik ki, bu nə qədər uzun müddətədi.
Kamara artıq iki həftədi zədədən əziyyət çəkir. Qərara gəldik ki, risk etməyək, ona istirahət verdik.
Badibanqanın hələ Bakıdakı qarşılaşmayadək əzələlərlə bağlı problemləri vardı. Ümid edirik ki, milinin matçlarından sonra hər şey normal olacaq!".

