Kimdi axı bu qələt edən Mxitaryan?

4 Sentyabr 2018 15:36 Avropa Liqası 907
Kimdi axı bu qələt edən Mxitaryan?

“Qarabağ” Avropa Liqasında “Arsenal”, “Sportinq” və “Vorskla” ilə mübarizə aparacaq.

Ağdam klubunun ingilislərlə Bakıdakı oyunu oktyabrın 4-də keçiriləcək.

Londondakı matç isə dekabrın 14-də oynanılacaq. “Arsenal”ın bizə rəqib olması bu klubun heyətinə bu ilin yanvarından transfer olunan Henrix Mxitaryanın adını gündəmə gətirib.

“Qarabağ”la oyunu üçün Bakıya gəlib-gəlməyəcəyi müzakirə olunan erməni futbolçu ilə bağlı son olaraq klub bəyanat yayıb.

London klubu öz bəyanatında oyunçularının təhlükəsizliyinin onlar üçün əsas prioritet olduğunu vurğulayıb:

“Oyunçularımızın, işçilərimizin təhlükəsizliyi və mühafizəsi bizim üçün hər zaman əsas məsələdir. Vəziyyəti müzakirə etdikdən, futbolçu ilə danışdıqdan sonra yekun qərarımızı verəcəyik”.

Müzakirələrin kökündə dayanmış səbəb Mxitaryanın 2011-ci ildə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarına qanunsuz səfər etməsidir. Bu səbəbdən onun Azərbaycana girişinə XİN rəsmən qadağa qoyub.

“Mxitaryan Bakıya gəlsin, gəlməsin” müzakirələrini, doğrusu, çox aktual hesab etmirəm. Azərbaycan bu məsələdə əlbəttə ki, öz mövqeyində haqlıdır,

Mxitaryan böyük qələt edib. Necə ki, vaxtilə bir sıra Rusiya estradasının tanınmış simaları bu cür qələtlərini etiraf edərək, Bakıya “yaşıl işıq” ala biliblər. Məncə, hay-küydənsə XİN açıqlama yayıb məsələyə indiyədək aydınlıq gətirməli idi.

Bizim üçün yox, ingilislər üçün, bu işin mahiyyətini anlamayan dünya üçün. İndi ingilis azarkeş Mxitaryanın Bakıya niyə getməməsini tam anlamaqda çətinlik çəkəcək, deyəcəklər Azərbaycan bir ermənini niyə ölkəsinə buraxmasın?

Klubun bəyanatı isə XİN-in artıq gecikdiyini göstərir. Guya ki, Bakıya gələn erməni idmançıların nə vaxtsa burnu qanayıb ki, indi bunlar təhlükəsizlik deyib bağırırlar...

Erməni yaramazlar da bu məsələdən bizim əleyhimizə istifadə edəcəklər. XİN bəyanat verib hər şeyi açıqlayandan sonra Henrixin qarşısında öz qanuni şərtini qoymalı idi:

“Azərbaycanın işğal olunmuş torpaqlarına getdiyim səhv addımdır” desin. Erməni futbolçu bunu deməyəcəkdi, amma bu məsələyə də hər iki tərəfdən birdəfəlik nöqtə qoyulacaqdı.

Kimdi axı bu Mxitaryan ki...

Hamlet Mxitaryan 1989-cu il yanvarın 21-də İrəvan şəhərində futbolçu ailəsində anadan olub. 1990-cı ildə ailəsi Fransaya köçüb. Atasının ölümündən sonra ailəsi ilə İrəvana qayıdıb, burada “Pyunik” futbol akademiyasına yazılıb.

Futbolçu karyerasına “Pyunik” klubunda başlayan Mxitaryan tezliklə klubun liderlərindən birinə çevrilib. İlk qolunu 2006-cı ilin sentyabrında “Şirak” a qarşı oyunda vurub.

2009-cu ildə Ermənistan çempionatında Mxitryan 11 qol vuraraq bombardir olub. Bu illərdə artıq onunla Moskva “Lokomotiv”i, Kiyev “Dinamo”su, Argentinanın “Boka Xuniors”, Fransanın ı “Lyon” və “Lill” klubları maraqlanırdı.

2009-cu ilin iyununda o, Donetskin “Metallurq” klubuna transfer olunur. 22 nömrəli futbolka geyinən erməni futbolçu Avropa Liqasında “Metallurq”la MTZ-RIPO ilə oyununda ilk qolunu vura bilir.

2010-cu ilin avqustunda Mxitaryanla Almaniyanın “Verder”, İngiltərənin “Tottenhem” klubları da maraqlansa da, Henrix Ukraynanın başqa bir klubu- “Şaxtyor”la anlaşır. “Şaxtryor” yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayır. Müqavilənin məbləği o dövrü üçün kifayət qədər yüksək idi:7,5 milyon dollar...

2012-ci ildə o, “Sport-Express”in keçirdiyi sorğuda MDB-də ən yaxşı oyunçusu seçilir. “Şaxtyor” heyətdə qollarını sıralamağa başlayan yarımmüdafiəçi 2012-ci ilin sentyabrında rəsmi görüşlərdə vurduğu qolların sayını 100-ə çatdırır.

2012-2013-cü il mövsümündə o, daha bir rekorda imza atır. Birinci dövrədə 18 qol vuran erməni futbolçu həmin mövsümün ən yaxşı bombardiri olur.

“Şaxtyor”da uğurlu mövsüm keçdikdən sonra Mxitaryan daha güclü klublara keçmək istəyir. Fransanın “PSJ”, İngiltərənin “Liverpul”, “Mançestr Citi”, “Çelsi” və “Tottenhem” kimi klubları onu heyətində görmək istəyirdi. Onunla İtaliyanın “Yuventus” və Dortmund “Borrusiya” da ciddi maraqlanırdı.

Futbolçu ilə “Liverpul” müqavilə imzalamağa yaxın olsa da, Mxitaryan 2013-cü ilin iyununda “Borussiya”ya transfer olundu. Dörd illik müqavilə üçün Mxitaryanın transfer qiyməti 27,5 milyon avro oldu. Mxitaryan “Borrussiya”nın ən bahalı transferi kimi də tarixə düşdü. Çempionlar Liqasında qol hesabı açan Mxitaryan həmin mövsüm Bundesliqada 9 qol vurdu, 10 qol ötürməsi etdi.

Növbəti mövsüm “Borussiya” üçün uğursuz oldu, klub son illərdə ilk dəfə Çempionlar Liqasının qrupuna düşə bilmədi. 2015/16 mövsümü başlayan kimi baş məşqçi Yurgen Klopp istefaya göndərildi, onun yerini Tomas Tuxel tutdu.

Mxitaryan yenidən qollar vurmağa başladı və uğurlu bir mövsüm keçirdi. Belə ki, mövsümün nəticələrinə görə, o, Bundesliqanın həm ən yaxşı oyunçusu və ən yaxşı qol (15 uğurlu ötürmə) asisenti oldu. 2016-cı ilin iyun ayında Mxitaryan “Borussiya” ilə müqaviləni yeniləməyəcəyini dedi. Onun agenti Mino Rayola Mxitaryanın “Mançestr Yunaytred”də oynamaq arzusunu açıqladı.

2016-cı il iyulun 2-də alman klub Mxitaryanın transferinə razılıq verdi və erməni yarımmüdafiəçi Mançestr şəhərinin təmsilçisi ilə 4 illik müqavilə bağladı.

Vikipediya məlumatlara görə, transferin məbləği 26,3 milyon funt idi. İlk aylar Mxitaryan yalnız əvezetmələrdə meydana buraxılsa da, tədricən əsas heyətdə yerini möhkəmlətdi.

2017-ci il Avropa Liqasının finalında “Ayaks”ın qapısına ikinci qolu müəllifi Mxitaryan oldu. Sonda final qarşılaşmasının ən yaxşı oyunçusu seçildi.

Növbəti mövsüm yenə onun üçün uğursuz oldu, nəticədə o, yenidən ehtiyat oyunçular skamyasına göndərildi.

Onun qış transferində klubu tərk edəcəyi barədə xəbərlər təsdiqləndi və bu ilin yanvarında erməni futbolçu Londonun “Arsenal” klubuna transfer oldu.

Yeni komandada ona 7 nömrəli forma verildi. “Liverpul”da indi işləri pis getmir və ara-sıra həm qol vurur, həm qolla nəticələnən ötürmələr edir.

Milli komandada karyerasına gənclərin heyətində oynamaqla başlayıb. Ermənistanın əsas milli komandasında 18 yaşında debüt edib. Avro-2012-nin seçmə mərhələsində Mxitaryan 6 qol vuraraq, B qrupundakı qolçuların siyahısında birinci yeri tutub. Həmin ilin dekabrında ümumi səsvermə yolu ilə Ermənistanın ən yaxşı futbolçusu seçilib.

Nazim SABİROĞLU

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti