«Arsenal»ın zəhmi adamı basır.
Oktyabrın 3-də Bakıda olacaqları dəqiqdi - həmin gün «Qarabağ»ın qonağı olacaqlar.
«Sportinq» dünya futboluna Kriştianu Ronaldo kimi həmişəyaşar ulduzu bəxş edib. Əvvəlki əzəmətini itirsə də, «Sportinq» yenə «Sportinq»di, Portuqaliyanın nəhəngidi.
«Vorskla» möhkəm qozdu. Ukraynadan tez-tez belə klublar çıxır. Ata minməyi xoşlayırlar, düşməyi yox.
«Qarabağ» bu rəqiblərlə bir qrupdadı. E qrupunun iki aşkar favorit, iki aşkar autsayder kimi iştirakçıları dekabrın ilk günlərinədək münasibətlərinə aydınlıq gətirməlidi.
«Qarabağ» öncəki 4 sınağından ikisində qrupdan çıxmağa çox yaxın olub. Hər iki halda növbəti mərhələnin qapısından son turda dönüb. Bu dəfə də inanmaq istərdik ki, «Qarabağ» həmin həyacanı Azərbaycana yaşadacaq. Bəli, «Qarabağ»a məhz bu, yaraşır!
Tələb və istək heç də həmişə üst-üstə düşmür. «Arsenal» qrupu birinci sırada bitirməyə ən yaxın olanıdı. İkinci yer uğrunda «Sportinq» və «Vorskla» ilə ağır duellər bizi gözləyir.
«Qarabağ» 2017-ci ilin payızında «Çelsi», «Atletiko» və «Roma» kimi dünya divləriylə Çempionlar Liqasında qarşılaşdı, 2 xal topladı.
Onda bir kimsənin gümanı yox idi ki, «Qarabağ» qrupdan qazanclı çıxar. Nəinki o 2 xala, hətta çempionumuzun qol ata biləcəyinə. «Qarabağ» inanılmazı başardı, xəyalı gerçəyə çevirdi, qürurlandıq.
Demək istəyirəm ki, yenə bədgüman olmağa dəyməz. «Çelsi»ni, «Roma»nı, «Atletiko»nu qarşısında görən «Qarabağ»ı artıq nə «Arsenal»ın, nə də «Sportinq»in adı qorxuya sala bilər.
Qurbanovun armadası o yolları zamanında keçib! Sadəcə, bu həzzi yenidən yaşamaq lazımdı. Duymaq, hiss etmək, rahatlanmaq lazımdı. Hər şeyi əlahəzrət vaxtın öhdəsinə buraxmaq lazımdı.
«Atletiko»nu Çempionlar Liqasının qrupunda saxlayan «Qarabağ»ın növbəti sürprizinə niyə də hazır olmayaq? O «Atleiko» «Qarabağ»dan aldığı şokterapiyanın təsiri ilə Avroliqanın kubokunu başı üzərinə qaldırdı, sonra da UEFA Superkubokunu «Real»ın cəngindən xilas elədi.
Ürəyimə damıb ki, «Qarabağ» budəfəki avro-macərası zamanı yenə qrupda 3 «dişli» rəqibindən birinin, yaxud ikisinin çənəsini vurub əzişdirəcək.
VÜQAR

