"QA-RA-bağ" deyəcəyik yenə.
Ən azı qışadək.
Şükürlər olsun, ilin sonunadək bu meydanlarda varıq. Təbii, «Qarabağ»ın sayəsində. Bu münasibətlə klub rəhbərliyini, məşqçi və futbolçuları təbrik eləmək azdı.
Doğrudan da, ilin-günün bu gərgin və ümidsiz vədəsində olduqca böyük iş gördülər. Daha bir müddət yaşatdılar futbolu.
Demək nə demək! «Qarabağ» artıq 5-ci dəfə Avropa Liqasında Azərbaycan adına mübarizə aparacaq.
BATE üzüntüsündən sonra «Qarabağ»a inananların sayında xeyli azalma müşahidə etdim, «Əşşi…» ilə başlayan ümidsizlik dolu yazı və sitatların, mesajların ardı-arası kəsilmirdi, o anlarda bəzən mənə elə gəlirdi ki, bir çoxumuz Qurban Qurbanovu əzməyə, Rəşad Sadıqovun başını kəsməyə hazırıq. İçimizdəki Allah xofunu bir kənara atıb, «ümid sonda ölür» məsəlinin verdiyi o işığı əllərimizlə qapamışdıq.
«Şerif» bir külək deyildi. «Gəldi və ötüb keçdi» fikrini yaxına buraxmaq üçün insafdan imtina etməliyik.
Moldova çempionu ötən «futbol ili»ni Avroliqanın qrupunda kamala çatdırıb, qiymətli oyunlar çıxarıb.
İndiki «Şerif» həmin «Şerif»dən birbaş üstündü və Roberto Bordin o komanda ilə vidalaşıb Azərbaycanın yolunu tutubsa, Qurbanovun «Qarabağ»ının necə bir çətin vəzifənin öhdəsindən gəlməsini anlamağımız önəmlidi.
Motivasiya, əzm və ruh bir arada olanda dağı dağ üstünə qoymaq əziyyət vermir.
Zövq və şövq verir.
Həyat verir.
Ələ çıraq verir.
Gözə nur verir.
Biləyə güc, dizə təpər verir.
«Qarabağ» bu mənada ciyərimizi qəribsədiyimiz qələbə sevinciylə doldurdu, ürəkləndirdi.
Qara Qarayevin etirafına mütəəssir oldum. Qara elə futbolçudu ki, nadir hallarda açıq danışar, «sarı sim»ə vurar.
Təsəvvür edin bir, «Şerif»lə cavab oyununa az biletin satılması ona nə cür pis təsir eləyibsə, «Qarabağ»a inamsız yanaşan azarkeşlərin acığına özü-özünü 90 dəqiqəyə kökləyib!
Faciəmizdi bu!
Yaxşı günün dostu olmaqdan asan nə var?! Bacarırsan, çətin gündə dost bildiyinə qahmar çıx!
Qaranın söylədikləri, əminəm ki, bütün «Qarabağ»lı futbolçuların ortaq fikridi. O sözlər açıq mesajdı, haqlı umu-küsüdü. Axı uman yerdən küsərlər. Azarkeşin «Qarabağ»a biganəliyi bağışlanmaz və yersizdi.
Mən bu yöndə təbliğat aparanların bütünlüyü pozmaq cəhdində bulunduğunu düşünürəm.
«Qarabağ»dı e, bu! Nə «Keşlə»di, nə «Səbail»di, nə «Sabah»dı!
Bunadək 4 dəfə Avropa Liqasının, 1 dəfə Çempionlar Liqasının qrupuna qalmış komandaya «Şerif»lə oyunqabağı o nisgili yaşadanlar utanmalıdı!
Bunca uğurun yiyələrinin dəyəri heç 1 manat da olmadı?
İndi çıxın üzə, tək-tək üzr istəyin! Qurban Qurbanovdan, Qara Qarayevdən, onunla çiyin-çiyinə vuruşan silahdaşlarından…
Xəzər Hikmət

