"Qarabağ" tarixində 4-cü dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi bu dəfə pley-off mərhələsində Moldova "Şerif"ini mübarizədən kənarlaşdırıb.
Ötən həftə səfər matçında 0:1 hesabı ilə uduzan Ağdam komandası Tofiq Bəhramov adına Respublika stadionundakı cavab görüşündə rəqibini darmadağın edib - 3:0.
Hesabı artıq 9-cu dəqiqədə Abdullah Zubirin ötürməsindən sonra Maksim Medvedev açıb. 42-ci dəqiqədə künc zərbəsindən sonra Donald Gerrye başla topu tora göndərib.
Matçda son nöqtəni isə 55-ci dəqiqədə Filip Ozobiç vurub. Bununla da "Qarabağ" ardıcıl beşinci mövsüm avrokubokların qrup mərhələsində iştirak hüququna yiyələnib.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparıb.

