Rəşad Sadıqovun yüklənməsi

30 Avqust 2018 19:00 Avropa Liqası 713
Rəşad Sadıqovun yüklənməsi

Bir məsələyə də nəzər salaq: son günlər adı çox hallandırılan Rəşad Sadıqovun ifrat dərəcədə yüklənməsi öz sözünü deyir.

Məncə, kapitan gələn ilin mayında artıq qərarını verməlidi: məşqçilik, yoxsa oyunçu karyerası.

Çünki bir əldə iki qarpızla o, yalnız Azərbaycan çempionatında jonqlyorluq edə bilər. Avropa səhnəsində hətta orta səviyyədən də aşağı səviyyəli klublarla qarşılaşmalarda bunun əks effekti, yorğunluq özünü büruzə verirdi.

Müstəqillik dövründə yetişmiş ən istedadlı futbolçularımızdan biri karyerasını heç də xoş olmayan notlarla başa vura bilər və illərlə zəhməti hesabına qazandığı nüfuzu qurban verməməlidi. Əgər «Qarabağ» ona əvəz tapa bilmirsə, deməli, yenə daxili bazarın menecment sahəsindəki boşluqdan danışmalıyıq.

Maraqlıdı, ardıcıl Avropa təcrübəsi bu komandaya yenədəmi normal futbol sistemini qurmağı öyrətmədi?

Sanki 90-cı illərin futboluna qayıdrıq və yerli bazarda fərqlənə biləcək bir heyət qurulur. Bəs bu qədər illər boyu formalaşdırılmış heyət nəyə lazım idi? Onu inkişaf etdirmək lazım ikən, nəsil dəyişikliyini təqib etmək, inqilabi deyil, təkamüllə heyətə əl gəzdirmək əvəzinə klub indiə n yazşı halda yerində sayacaq.

Hələ unutmayaq ki, «Qarabağ» həm də milli futbol komandamızın baza klubuna çevrilib. Hə, baş məşqçisi həm də əsas millinin sükanı arxasındadısa, başqa fikirlər söyləməyə də dəyməz.

İstəsək də, istəməsək də, yığmanın bütün planları bu klubun bazasında cızılacaq. Boşluqlar mənfi təsirin hər iki cəhbədə göstərəcək. Hələ, üstəlik, diqqət edin: oynayan məşqçi Rəşad Sadıqov öz üzərinə Qurban Qurbanovdan da ağır yük götürüb.

Kimlərəsə elə gəlir ki, o, sadəcə, bunun fərqində deyil, ya da özünü supermen hesab edir. Belə deyil, əslində. Sadıqov bu ağırlığın altına sürüklənib.

Bu qeydləri ona görə indi qələmə alırıq ki, «Şerif»lə cavab matçının nəticəsinə görə qol çırmaladığımız zənn edilməsin. Əlbəttə, yazdıqlarımız qarşıdakı matçda Ağdam təmsilçisinin məğlub olacağına işarə deyil.

Əksinə, qalib gələcəyi təqdirdə artıq hər şeyi 180 dərəcə dəyişmək üçün işarədi. Bu dəfə də komanda buraxdığı səhvlərdən nəticəni mütləq çıxarmalıdı, yoxsa son üç ildə «Qəbələ» haqqında dediklərimizi onun haqqında da söyləməyə başlaya bilərik.

Belədə sonu bəllidi: «Qəbələ»nin düşdüyü vəziyyətə baxın. Ondan əvvəl bu aqibəti daha betər yaşayanları da xatırlayıb, qarşıdakı oyunu klub futbolumuzun son şansı da adlandıra bilərik – məcazla desək, qapıçı təkbaşına bütün komandanın yeganə ümidinə çevrilib.

SEYİD

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti