Son illərdə futbolumuz nə qədər yerində saysa da, "Qəbələ", ələlxüsus ,«Qarabağ»ın Avropa klub kuboku yarışlarında əsas mərhələlərə qədər irəliləməsi sayəsində solğun ümidlər canlanmağa başlamışdı.
Lakin budəfəki Avropa uğursuzluqları fonunda futbolumuzun yenə Ağdam təmsilçisinə möhtac qalması son ümid foluna bənzəyir.
Elə çempionun özünün də oyunu və şansını qrup ərəfəsi son matça qədər uzatması da son ümid foluna bənzəyir. Çünki Azərbaycan klub futbolunun liderinin özü də heyətə əl gəzdirmək cəhdinə çox uğursuz tərəfdən baş vurdu və əslində, bununla zəif cəhətlərini üzə çıxardı.
İndi «Qarabağ» öz günahı üzündən qapısına təyin edilmiş bu zərbəni dəf etmək üçün bütün diqqətini toplamalıdı.
İlk növbədə, komandanın istər yerli oyunçu siyasəti, istərsə də oyun quruculuğu, istərsə də strateji planlaşdırma işini düzgün qurmadığı açıq-aşkardır. Yeni mövsümün debüt oyunları tamam-kamal iş qurulmadığını əyani nümyaiş etdirdi. S
öhbət transfer edilmiş yeni oyunçuların keyfiyyətindən getmir. Bunu zaman göstərəcək. Əsas məsələ onların heyətə uyğunlaşmasıdı. «Qarabağ» atını artıq elə bir səviyyədə çapır ki, oyunçu əldə etməzdən əvvəl planını qurmalı, ona uyğun gələnləri zərgər dəqiqliyi ilə əldə etməlidi.
Çempionlar Liqasının qrup mərhələsinin dadını duymuş klub böyük futbolun bir parçası olmaq üçün Avropanın aparıcı olmasa belə, orta səviyyə təmsilçilərinin nümunəsinindən örnək götürməlidi.
Heç olmasa, bir transfer uyğunlaşma baxımından özünü doğrultmursa, deməli, iş düzgün qurulmur. İllərdi bu mənzərə dəyişmir.
Digər klublarımızın hər transfer dövründə oyunçu baxımından səhvlərə yol verdiklərini israrla qeyd edirik.
Futbolçu təkcə klubun imkanlarına görə deyil, həm də üsluba, tərzə uyğun araşdırılıb alınmalı və ya seçilməlidi. Kortəbii mövqe transferləri təklifdən asılı olaraq, həll edilir.
Hər hansısa klubumuzun konkret oyunu izinə düşməsini görməmişik. Belə olanda, «tutar qatıq, tutmaz ayran» məsəli gündəmə gəlir. Bu mənada indiyədək konkret strateji hədəf də olmayıb.
Millinin gündəliyi Qurban Qurbanovu hədsiz yorur. Yəqin ki, o, AFFA-dan gələn təklifi qəbul edəndə, iş qrafikinin bu qədər ağır olacağını gözləmirmiş.
Bəndə necə yerə parçalanar..? Eyni vaxtda bir məsələ haqda çox düşünəndə, adamın beyini yorulur, təzyiqi qalxır. Qaldı iki-üç məsələni birdən həll etməli olduğun vaxt.
Baş dönməsə yaxşıdı, vallah! Fiziki cəhətdən bu daşı qaldırmaq zülm, bəzən imkansızdı. Qoy, Tanrı Qurbanova yardımçı olsun, mərhəmətini ondan əsirgəməsin. Yazıqdı, billah!
Fikir vermisizsə, millidə işə başlayandan «Qarabağ»da da buranı daha çox düşünür. Yığmaya namizədlərin oyun praktikası qazanması naminə.
Əksər hallarda onlara görə heyətdə və taktikada ekspermentlərə əl atır, müxtəlif dəyişiklərə gedir. Bu zaman legionerlər «oyundankənar» vəziyyətlə üzləşir.
Sözsüz, «Qarabağ»ın son vaxtlardakı düşüşünün arxasında MİLLİ AMİLİnin varlığını da ciddi sürətdə qəbul etməliyik.
KAMİL

