“Qarabağ” TOP-20-də yer almayan ölkələrin iki təmsilçisindən biridi ki, son 4 mövsümdə qrupda oynayıb.
Digəri isə ildən-ilə mövqeyini itirən Şotlandiya “Seltik”idi. Lakin bu klubun təmsil etdiyi liqanın ənənələrini də unutmaq olmaz.
UEFA kubokunun Avropa Liqasına çevrildiyi, avrokubokların formatının ciddi dəyişikliklərə məruz qaldığı 2009-cu ildən sonrakı dövrə baxsaq, 39 ölkənin 213 komandası qrup həyəcanı yaşayıb.
Təsəvvür edin ki, son 9 mövsümdə Almaniyanın 18, İngiltərənin 15, Fransa, İspaniya, İtaliyanın 13 klubu qrup həyəcanı yaşayıb.
Daxili rəqabət həmin komandaların daim qrupda oynamasına imkan vermir. Təbii ki, “Böyük beşlik”də avrokubokların və qrupun daimi iştirakçıları da var.
Son 9 mövsümə baxsaq, ardıcıl 4 dəfə qrupda oynamaq heç də hər komandaya nəsib olmayıb. “Böyük beşlik”də belə komandalar kifayət qədərdi.
"İkinci eşelon" klublarının da uğurlu seriyaları göz önündədi. Öncüllərdən olmayan liqalardan isə“Qarabağ” kimi seriyaya çox az sayda klub imza atıb.
Sportinfo.az-ın məlumatına görə, “böyük beşliy”i saymasaq, 30 komanda ən azı 4 mövsümlük qrup həyəcanı yaşayıb.
Bunlardan 19-u - “Anderlext”, “Brügge” (hər ikisi Belçika), “Ayaks”, PSV, “Tvente” (hamısı Hollandiya), “Benfika”, “Porto”, “Sportinq” (hamısı Portuqaliya), MOİK, “Rubin”, “Zenit” (hamısı Rusiya), “Beşiktaş”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Seltik” (Şotlandiya), “Dinamo” K, “Dnepr”, “Şaxtyor” (hamısı Ukrayna), “Olimpiakos”, PAOK (hər ikisi Yunanıstan) aparıcı liqaların təmsilçiləridi.
“Kopenhagen” (Danimarka), BATE (Belarus), “Dinamo” Z (Xorvatiya), “Hapoel” TƏ (İsrail), APOEL (Kipr), “Bazel” (İsveçrə), “Legiya” (Polşa), “Styaua” (Rumıniya), “Slovan” (Slovakiya), “Maribor” (Sloveniya) da analoji uğura imza atıb.
Son illərdə özündən söz etdirənlər - Çexiya təmsilçiləri “Sparta”la “Viktoriya”, Bolqarıstan “Lüdoqorets”i, Avstriya “Zalsburq”u kimi komandalar isə “Qarabağ”ın uğuruna həsrətdi.

