Avropa Liqasının pley-off mərhələsində mübarizə aparan “Qarabağ” “Şerif” ilə cavab oyununa hazırlığı başa vurub.
Sportinfo.az xəbər verir ki, matçdan öncə komandamızın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında media nümayəndələrinin suallarını cavablandırıb.
Təcrübəli mütəxəssis ilk oyundakı məğlubiyyət səbəbindən təzyiq altında olduqlarını, bununla belə komandanın yalnız qələbəyə kökləndiyini deyib.
Mətbuat konfransından sonra “Qarabağ” “Şerif”lə oyun öncəsi son məşqinə çıxıb. Hazırlığı ilk 15 dəqiqəsi jurnalistlər və azarkeşlər üçün açıq olub.
Suraxanı stadionunda baş tutmuş məşqi təxminən 30 nəfərə yaxın azarkeş izləyib. Bate ilə qarşılaşmada qırmızı vərəqə alması səbəbindən Şeriflə ilk görüşü kənardan izləmiş İnnosent Emeqara cavab matçında komandasına kömək edə biləcək.
Abdullah Zubirin meydana çıxıb-çıxmayacağı hələlik sual altındadır. Son avrokubok oyunlarında ardıcıl səhvləri ilə gündəmə gələn Rəşad Sadıqov da ilk 11-də meydana çıxacaq.
Tofiq Bəhramov adına respublika stadionunda təşkil olunacaq Qarabağ-Şerif görüşü saat 21-də başlayacaq. Matçı makedoniyalı Aleksandr Stavrevin başılıq etdiyi hakimlər briqadası idarə edəcək.

