“Qarabağ”la oyunda “Şerif”in vurduğu yeganə qol zamanı əla ötürmə ilə diqqəti çəkən Yuri Kendışla qapıçını keçib topu Rifet Kapiçə ötürən Aleksandr Boyçukun zəhməti az olmadı.
Amma qolu Bosniya və Hersoqovinadan olan futbolçu vurdu.
Rəşad Sadıqovla Maksim Medvedevin qapı xəttində olmasına baxmayaraq, Kapiç çaşmadı, son nöqtəni qoymağı bacardı.
Sportinfo.az xəbər verir ki, həmin qoldan sonra “88 nömrə” Tiraspolda daha çox sevilməyə başlayıb.
Klubun mətbuat xidmətinin əməkdaşlarının başqasından yox, məhz Kapiçdən müsahibə götürməsi də belə düşünməyə əsas verir. 23 yaşlı futbolçu vurduğu qoldan və cavab qarşılaşmasından bəhs edib:
“Hər iki komanda qalib gəlmək istəyirdi deyə, oyun olduqca çətin keçdi. Ən yaxşı oyunlarımızdan birini sərgilədik və haqlı qələbə qazandıq.
Əsas odu,sakitliyi və özünəinamı qoruyub saxlaya bildik. İndi Bakıya sərfəli nəticə ilə yollanırıq. Vurduğum qolu təsvir edim? İnanın ki, izah olunması çətin hisslərdi.
Onu deyə bilərəm ki, komandama kömək edəndə özümü xoşbəxt sayıram. Hər matçda bacardığımın 100 faizini ortaya qoymağa çalışıram.
Açığı, ikinci qolu vurmaq haqda düşünürdük. Çünki yaxşı imkanlarımız var idi, son nöqtəni qoymaq baxımından çətinlik yaşadıq.
Amma bu nəticədən də razı qaldığımızı deməliyəm. Cavab oyunu çox çətin olacaq. Buna baxmayaraq, özümə və komanda yoldaşlarıma inanıram.
Müdafiədə diqqətli olmalı, şansımızı əks-hücumlarda axtarmalıyıq. Bəli, “Qarabağ” güclü rəqibdi, ancaq dediyim kimi, hazırda bizim əlimizdə sərfəli nəticə var. Eyni uğura səfərdə də imza atmalıyıq.
Sirr deyil ki, meydan sahibləri ilk dəqiqələrdən hücuma atılıb erkən qol vurmaq haqda düşünəcək. Lakin bizim də üstün tərəflərimiz var. Bu dəqiqə əsasən öz oyunumuz haqda düşünməliyik”.

