Bu həftə Avropa Liqasında pley-offun cavab oyunları keçiriləcək.
Sportinfo.az-ın məlumatına görə, “Qarabağ” öz meydanında Moldova “Şerif”ni qəbul edəcək.
Azərbaycan çempionu ardıcıl 5-ci dəfə qitə kuboklarının qrupunda oynamaq üçün səfərdəki 0:1 hesablı məğlubiyyətin əvəzini ev matçında çıxmalıdı.
Tarixə nəzər salsaq, Azərbaycan klubları indiyədək 12 dəfə rəqib meydanında keçirdiyi ilk oyunda 0:1 hesabı ilə uduzub.
Həmin 12 haldan yalnız ikisində komandamız turu adlaya bilib. Bu da o anlama gəlir ki, “Qarabağ” çətin, amma mümkün vəzifənin öhdəsindən gəlməlidi.
13-cü dəfə 0:1-in əvəzinin çıxılmasına ümid edən azarkeşlər nəhs rəqəmin xoşbəxt sonluqla nəticələnməsini gözləyir.
Bu durumla üzləşən ilk Azərbaycan klubu “Kəpəz” 21 il əvvəl “Dinaburq”a cavab oyununda da uduzub.
Ümumiyyətlə, ilk matçdakı 0:1 hesabı uzun illər bizim üçün keçilməz qalıb. Düzdü, “Bakı fəhləsi” “İnkaras”dan eynihesablı revanş alsa da, penaltilər seriyasında uduzub. “Kəpəz” isə yalnız səfər qolu ilə “Sloqa yuqomaqnat” səddinə ilişib.
Uğursuz ənənəni 2015-ci ildə “Qəbələ” qırıb. Təmsilçimiz “Çukariçki”ni 2 cavabsız qolla keçib. Həmin il eyni duruma düşən “Qarabağ” “Seltik”i keçə bilməsə də, ağdamlılar ikinci cəhddən – 1 il sonra 0:1-in əvəzini artıqlaması ilə “Höteborq”dan çıxıb – 3:0.
Azərbaycan klubları 12-dən 2-də sevinibsə, Qurban Qurbanovun yetirmələri 50 faizlik nəticəyə imza atıb – 2-dən 1.
“Qəbələ” də eyni göstəriciyə malikdisə, “Kəpəz” üç, “Şəmkir” iki, “Olimpik”, “Viləş” və “Bakı fəhləsi” bir dəfə revanş arzusunu puç edib.
12 cütdən 6-da cavab oyununda da rəqib qalib gəlibsə, 2 heç-heçə olub və 4 dəfə təmsilçimiz qalib gəlib. “Kəpəz”lə “Bakı fəhləsi”nin yetərsiz qələbələri fonunda azarkeşlərimizi yalnız “Qarabağ”la “Qəbələ” sevindirib.
Səfərdə 0:1 hesabı ilə uduzan Azərbaycan klublarının cavab oyunları
1997/98 mövsümü, Kuboklar kuboku
“Kəpəz” – “Dinaburq” (Latviya) – 0:1
1998/99 mövsümü, İntertoto kuboku
“Bakı fəhləsi” – “İnkaras” (Litva) – 1:0, pen.4:5
1999/2000 mövsümü, Çempionlar Liqası
“Kəpəz” – “Sloqa yuqomaqnat” (Makedoniya) – 2:1
2000/01 mövsümü, Çempionlar Liqası
“Şəmkir” – “Slaviya” (Çexiya) – 1:4
2001/02 mövsümü, İntertoto kuboku
“Viləş” – “Qrindavik” (İslandiya) – 1:2
2004/05 mövsümü, UEFA kuboku
“Şəmkir” – “Tbilisi” (Gürcüstan) – 1:4
2008/09 mövsümü, UEFA kuboku
“Olimpik” – “Voyvodina” (Serbiya) – 1:1
2015/16 mövsümü, Çempionlar Liqası
“Qarabağ” – “Seltik” (Şotlandiya) – 0:0
Avropa Liqası
“Qəbələ” – “Çukariçki” (Serbiya) – 2:0
2016/17 mövsümü, Avropa Liqası
“Kəpəz” – “Admira” (Avstriya) – 0:2
“Qarabağ” – “Höteborq” (İsveç) – 3:0
2017/18 mövsümü, Avropa Liqası
“Qəbələ” – “Panatinaikos” (Yunanıstan) – 1:2

