30 il əvvəlki “Araz” radiosu, bir də “Qarabağ”...

25 Avqust 2018 12:24 Avropa Liqası 523
30 il əvvəlki “Araz” radiosu, bir də “Qarabağ”...

Avropa Liqasının pley-off mərhələsinin ilk qarşılaşmasında “Qarabağ” səfərdə “Şerif”ə minimal hesabla(0:1) məğlub oldu.

Ötən mövsüm Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ” Bakıda qolsuz heç-heçə edəndə narahat idik ki, klub Tiraspol səddini keçməyə bilər.

Tiraspoldakı qarşılaşmada isə “Qarabağ” 2:1 hesablı qələbə qazanaraq “Şerif”i mübarizədən kənarlaşdırdı. Bu dəfə isə “Qarabağ” ötənilki uğurunu təkrarlaya bilmədi və Bakıya məğlub qayıtdı.

***

Maliyyə səbəbindən oyun canlı yayınlanmadı və yəqin ki, çox az adam bəzi saytların haradansa götürdükləri linkləri tıklamaqla qarşılaşmanı izləməyə məcbur oldu. Şəxsən mənim tez-tez “donan” keyfiyyətsiz yayınla oyuna baxmağa sonadək səbrim çatmadı.

Yalnız ara-sıra “Real tv”nin küncünə sıxışdırılmış yayına, arada da telefonda hesabı izləməyə məcbur qaldım. Əlimdə telefon sağa-sola gedəndə yadıma uşaqlıqda “Neftçi”nin səfər oyunlarını radioda dinləməyimiz düşdü.

Hər evdə radio olmadığı vaxtda kimdənsə keyfiyyətli radioqəbeldici tapar, “Araz”a kökləyər və hamı onun - Çingiz İsmayılovun “başına yığışardı”.

Adam həmin ötən günlərə çox heyfslənir. Amma üzücü olan hələ nə futbolumuzda, nə texnikamızda elə də irəliləyişin olmamasıdır. Camaat kosmosda ev tikməyə hazırlaşır, biz hələ korsan saytlardan yayın edirik...

“Qarabağ" üçün tapılmayan 150 min avro və çocuqlar..." (link burada) yazısında bu mövzuda bəzi qeydləri etmişəm və doğrusu, məğlubiyyətdən sonra yenidən bu məsələni qabartmağa lüzum qalmayıb. Baxdığım dəqiqələrdə nə “Şerif”in, nə “Qarabağ”ın futbolunu görmədim. Əsasən, meydanın mərkəzində sarı və qara formalı adamların sayrışması vardı...

Oyundan sonra yayınlanan qol epizoduna təkrar-təkrar baxdım. Meydanın mərkəzində topu itirən “Qarabağ”ın üç müdafiəçisinin yanından cərimə meydançasına ötürülən topu “Şerif”in oyunçusu asanlıqla komanda yoldaşına göndərə bildi. Bu vaxt “Qarabağ”ın 6 oyunçusu artıq cərimə meydançasına çata bilmişdi. Rəqib isə cəmi üç nəfər idi. Amma bu, 88 nömrəli oyunçunun 8-ci dəqiqədə qol vurmasına əngəl ola bilmədi.

***

Təəssüf ki, ümidlərimizə baxmayaraq, “Qarabağ” məyus etməkdə davam edir... “Qarabağ" “Şerif”dən güclüdür, Tiraspoldan qələbə, sərfəli nəticə ilə qayıdacağıq" kimi optimist əhval-ruhiyyəyə baxmayaraq, Bakıya qapımızda qol döndük.

Avropa Liqasının pley-off mərhələsində keçirilən ilk oyunlardan sonra UEFA reytinqində də dərhal geriləmişik. “Şerif”ə uduzduğu üçün 18.250 xalı olan ölkəmiz 1 pillə geriləyərək 26-cı pilləyə düşüb. 2018 dəyəsən, Azərbaycan klubları üçün heç düşərli olmadı...

Baş məşqçi Qurban Qurbanov oyundan sonra keçirdiyi mətbuat konfransında “Şerif”i tərifləyib. “Rəqib müdafiədə çox yaxşı təşkilatlanmış komandadır. Olduqca intizamlı oynadılar, bu da onların necə yaxşı komanda olduğunu göstərir” deyə, o bildirib

.

Mütəxəssis ötən illə müqayisədə builki nəticələrinin yaxşı olmaması fikri ilə razılaşıb: “Ümumi baxsaq, özümüzü düşünsək, nəticəmiz yaxşı deyil. Ötən il Çempionlar Liqasının qrupunda oynamışdıq, indi isə Avropa Liqasının qrup mərhələsi uğrunda mübarizə aparırıq”.

Baş məşqçi avqustun 30-u Bakıda keçiriləcək cavab matçı haqda bunlarını deyib: “Şerif” 1:0 hesablı qələbə qazansa da, qrup mərhələsi üçün şanslarımız qalır. Bu şansdan da cavab matçında maksimum istifadə etməyə çalışacağıq".

“Şerif”in baş məşqçisi Qoran Sabliç qələbənin çətin əldə olunduğunu deyib. “Əvvəldən də bunu gözləyirdik. Avroliqa qarşılaşması, ardınca ”Milsami" ilə çempionat oyunu və nəhayət, “Qarabağ”la matç. Bütün bunlara tab gətirmək lazım idi. Oyun komponentlərinə gəlincə, oyunçularım yuxarı-aşağı istədiklərimi həyata keçirdilər. Bir qədər təəssüflənirəm ki, yetərincə gücümüz olan zaman kəsiyində ikinci qolu vura bilmədik" deyə, baş məşqçi bildirib.

Sabliç təkrar görüşdə daha yaxşı oynayacaqlarını vəd edib: “Düşünürəm ki, komandam bir həftə sonra daha yaxşı vəziyyətdə olacaq. Uşaqlar xarakter nümayiş etdirdilər. Hər kəs hücumda da, müdafiədə də işlədi.

Futbolçularımız belə bir güclü rəqiblə oynamaq iqtidarında olduqlarını nümayiş etdirdilər. Taktiki cəhətdən ağıllı oynadılar, intizamı pozmadılar. Bu cür rəqiblərlə ərazi üstünlüyünə sahib olmaq mübarizəsi aparmaq mümkün deyil. Bəli, topa nəzarət edirdilər, ancaq ciddi qol epizodu - son dəqiqədəkini saymasaq - yarada bilmədilər”.

Xorvat mütəxəssis “Qarabağ”ın oyunu haqda dedikləri daha çox diqqətəlayiqdir. “Bir həftə ərzində xeyli sayda oyunlarını izləmişdik. Heç bir yenilik görmədim. Onlar ərazi üstünlüyü, topa nəzarət hesabına təzyiq göstərməyə çalışırlar. Cinahlarda sürətli oyun göstərmək istəklərindən də xəbərdar idik”.

***

“Qarabağ”ın problemlərinin sırf heyətlə bağlı olduğunu hamı bilir. Bu cür problemi indi nəinki bizimkilər, qonşu Türkiyə, Rusiya və Avropa liqalarında mübarizə aparan tanınmış klublar da yaşayır. Amma nəsə fikirləşmək lazımdır.

Ya taktiki planda, ya ümumi sistemdə. Heyət problemi əlbəttə ki, bunun ikisinə də təsir edir. İndi “Qarabağ”dakı heyət problemi bütün sistemə sirayət etmiş kimi görünür. Qurban Qurbanovun problemi isə indi təkcə “Qarabağ” deyil, qarşıda elə xeyli problemləri olan milli komandanın Millətlər Liqasındakı oyunları gəlir...

Bəs təkrar oyunda nə gözləyə bilərik? Qurban Qurbanov deyib ki, cavab oyunu üçün heyətdə ciddi dəyişiklik olmayacaq: “Taktika dedikdə, bir o qədər də dəyişiklik olmayacaq. Sadəcə, ola bilər, sistemdə kiçik bir dəyişiklik olsun. Qalib gəlmək üçün daha aktiv, daha aqressiv olmalıyıq. Düşünürəm ki, bunu öz meydanımızda edə biləcəyik”.

Yenə də ümid edək ki, Bakıdakı təkrar oyunun sonunda Avroliqanın qrupundakı “Qarabağ”ı təbrik edəcəyik. Qrupda oynamaq indi “Qarabağ”a çox lazımdır, həmişəkindən həm də daha çox... Çünki bu klubun ÇL itirilmiş motivasiyasını özünə qaytara bilər. Heyətdəki yenilər də Avropa stadionlarında özlərini doğrultmağa çalışar, heyət stabilləşər...

Nazim SABİROĞLU

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti