Müəllimi Rəşad Sadıqovu müdafiəyə qalxdı

24 Avqust 2018 17:12 Avropa Liqası 1 031
Müəllimi Rəşad Sadıqovu müdafiəyə qalxdı

Hazırda ictimaiyyətdə “Qarabağ”ın kapitanı Rəşad Sadıqov haqda fikirlər birmənalı deyil.

Sportinfo.az xəbər verir ki, 36 yaşlı mərkəz müdafiəçisinin komandasının son avrokubok matçlarında səhvə yol verməsinə görə onu tənqid edənlərin sayı kifayət qədər artıb.

Belə ki, çoxları futbolçunu millidə olduğu kimi, “Qarabağ”dan getməyə səsləyir. Qeyd olunur ki, artıq o, müasir futbolun sürətinə çata bilmir.

Bəs onu futbolçu kimi yetişdirmiş məşqçisi Vaqif Paşayev bu iradlarla razılaşırmı? Oxu.az əməkdar məşqçi, hazırda “Sumqayıt”ın 16 yaşadək komandasının baş məşqçisi işləyən Paşayevlə əlaqə saxlayıb.

O, futbolçusuna qarşı iradları qəbul etmədiyini bildirib: “Dünənki oyuna canlı baxa bilməmişəm. Qol epizoduna bayaq baxmışam.

Rəşadın elə ciddi səhv etdiyini deyə bilmərəm. Əvvəlki oyunlarda da Rəşadın səhvinə görə qol vurulduğunu deyənlərlə razılaşmıram. Bu, kollektiv oyunudur.

Rəşadın səhvindən sonra futbolçu qapıçı ilə üzbəüz qalsaydı, bunu səhv adlandırmaq olardı. Amma BATE ilə Bakıdakı ilk görüşdə Bədavi Hüseynovun yerində Rəşad olsaydı, rəqib futbolçu oyundankənar vəziyyətə düşəcəkdi. O epizodda Bədavi kimi geriyə yox, irəliyə getmək lazım idi ki, oyundankənar vəziyyət qeydə alınsın.

Rəşadın səhv ötürməsindən qol epizodunadək bir neçə ötürmə olub. Niyə Rəşad günahlandırılır? Düşünürəm ki, bu, Rəşada qarşı aparılan kampaniyadır.

Açığı, mən bu insanları başa düşmürəm. O, əşyalarını yığıb futboldan getdi, onun yerinə kim oynayacaq?! Rəşad azərbaycanlı yox, gürcü olsaydı, ona qarşı belə edilməyəcəkdi.

Bağda ərik var idi, salam-əleyk var idi. Rəşad boş qapıdan topları çıxaranda güclü futbolçu sayılırdı, indi yox?! Rəşad olmasa, “Qarabağ” daha çox top buraxar. Fikir verin, o nə vaxt oynamırsa, müdafiə xətti nə gündə olur. Bizdə yaxşı bir futbolçu var, onu da gözləyirik ki, karyerasını bitirsin.

Mən Rusiya kanallarından “Qarabağ”ın oyunlarına baxıram. “Qarabağ” Çempionlar Liqasının qrupunda oynayanda Rəşada həmişə “Leqenda azerbaydjanskoqo futbola” (Azərbaycan futbolunun əfsanəsi) deyirdilər. Halbuki onlar öz futbolçularından heç kimə belə demirlər. Onlar bizim oyunçunu tərifləyir, biz isə burada onu pisləyirik.

Rəşaddan sonra belə oyunçu Azərbaycana gəlməyəcək. Çünki onun xarakterdə futbolçumuz yoxdur. Bu iyirmi ildə heç kim Rəşad kimi millidə 111 oyun keçirməyəcək.

Maksim Medvedev oyundan sonra düz qeyd edib ki, səhv hamımızındır. Mahir Mədətov səhv etdi və sonra qapımıza qol vuruldu. Onda deməliyik ki, Mahirin səhvindən sonra qol buraxdıq? Ondan sonra yarımmüdafiəçi, müdafiəçi və sonda qapıçı var.

Azərbaycanda 600-ə yaxın kateqoriyası olan futbol məşqçisi var. Onun əllisi PRO kateqoriyalı məşqçidir. Rəşad kimisini yetişdirə bilirlərsə, yetişdirsinlər. Mən Rəşadı asfaltın üzərində yetişdirmişəm.

İndiki süni qazon məndə o vaxt olsaydı, Rəşad da, Ceyhun Sultanov da (hazırda “Neftçi”nin baş meneceri işləyir – S.M.) Avropada oynayardı. Sabah Rəşad çıxıb qol vursa, bu cür danışanlar onun üzünə necə baxacaqlar?! Dünya çempionu Rafael Varan da UEFA Superkubokunda səhvə yol verdi. Onun səhvi səbəbindən “Real” qapısından üç top buraxdı”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti