Çempionlar Liqasında mübarizəni dayandırandan sonra Avropa Liqasına düşən Azərbaycan çempionu “Qarabağ”ın qitənin ikinci dərəcəli klub turnirində də çıxışı o qədər uğurlu alınmadı.
Sportinfo.az xəbər verir ki, Ağdam klubu Avroliqanın pley-off mərhələsi çərçivəsində ötən gün qarşılaşdığı Moldova çempionu “Şerif”lə səfər oyununda minimal hesabla məğlub oldu - 0:1.
İndi təmsilçimiz avqustun 30-da Bakıda keçiriləcək cavab qarşılaşmasında qrup mərhələsinə vəsiqə qazanmaq üçün mütləq ən azı 2 top fərqi ilə qalib gəlməlidi.
Bəs görəsən Ağdam klubu indiyə qədər avrokuboklarda ilk oyunda məğlub olduğu rəqiblərini mübarizədən kənarlaşdıra bilibmi?
Statistikaya nəzər saldıqda, Qurban Qurbanovun çalışdırdığı kollektivin Avropa səhnəsində cəmi bir dəfə belə bir geridönüşə imza atdığının şahidi oluruq.
Maraqlıdı ki, həmin əzmkarlıq da məhz Avropa Liqasının 2016/17 mövsümünün pley-off mərhələsinə, İsveç “Goteborq”u ilə oyunlara təsadüf edib.
Ağdam klubu bu rəqibinə səfərdə 0:1 hesabıyla uduzub. Lakin bir həftə sonra Bakıda keçirilən cavab görüşündə təmsilçimiz 3 cavabsız qola imza atmaqla tarix yazaraq Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb.
Həmin oyunda tarixi qələbənin əsas memarları isə Rəşad Sadıqov, Muarem Muarem və Dani Kintana olub.
Ümid edək ki, “Qarabağ” yenə qrup mərhələsinin bir addımlığında oxşar uğura imza ata və avqustun 30-da “Şerif”i mübarizədən kənarlaşdıra biləcək.

