Qurbanov deyəndə ki, Premyer Liqanı 8 iştirakçıyla keçirməyin…

24 Avqust 2018 13:24 Avropa Liqası 1 039
Qurbanov deyəndə ki, Premyer Liqanı 8 iştirakçıyla keçirməyin…

Bəzən bir futbolçunun yoxluğu ilboyu hiss olunur.

Dino Ndolvu bu ilin əvvəlində – Çempionlar Liqası «Qarabağ» üçün bitəndən sonra buraları birdəfəlik tərk etdi.

Yayın ilk gündərində isə Riçard Almeydanı yola saldıq. Pedro Enrikeni onlara tay tutmuram, çünki o, sentyabrda – «Qarabağ» ÇL-nın qrup mərhələsinə vəsiqə qazanandan sonra komandaya qoşulmuşdu. Dino ilə Riçardı çempionumuz indi günün günorta çağı əlində çıraqla axtarır.

İki aparıcı çimasını itirmiş «Qarabağ»dan gözləntilər isə həddən ziyadə böyükdü. Sanki Qurban Qurbanovun əlində sehrli çubuq var və o, hər mövsüm fövqaladə nəsə etməlidi. «Şerif»i keçib Avropa Liqasının qrupuna qalmaq mümkün olmasa, yenə onu borclu çıxaracağıq.

Budəqiqəyədək hər şey anti-Qurban fikrində olanların ürəyincə inkişaf edir. «Qarabağ» öncə BATE-yə uduzub, ÇL ilə vidalaşdı. İndi də «Şerif» qitənin ikinci dərəcəli klub turnirinin biraddımlığındadı. Aprdınca isə milli günləri başlayır – ölkəmizin bir nömrəli komandası sentyabrın 7-də UEFA Millətlər Liqasına start verəcək.

Həmin gün paytaxtımızın qonağı Kosovadı – Avropa arenasına yenicə çıxmış, lakin səviyyəli futbolçu bazası olan iddialı bir rəqib. Yığmamız Millətlər Liqasına da məğlubiyyətlə başlasa, Qurbanovu ağ yuyub, qara sərənlər üzə çıxacaq. Yağışdan sonra artan göbələklər kimi.

İstənilən təsadüf zərurətdən doğur. Dəfələrlə qeyd etdiyimiz kimi, klublarımıxın cari avrokuboklar sezonunu uğursuz keçirməsinin tək səbəbi ölkə olaraq futbolumuzun sürətli çöküşüdü.

Bu, artıq qarşısıalınmaz prosesə çevrilib və növbəti illərdə hətta 1 oyunda qələbəni belə, böyük bayrama çevirəcəyik.

Qurbanov deyəndə ki, Premyer Liqanı 8 iştirakçıyla keçirməyin, sayı artırın, 10-a, 12-yə qaldırın, əhəmiyyət vermədilər. Tribunaları hər fəsildə boş görən, Bakıdan kənara çıxmayan futbolçuları avro-rəqiblərə qarşı konsentrasiya etmək zülmdü.

Qurbanov neçə illərdi birtəhər dözür, konfet düzəldir, bunun davamının gəlməsi isə tək ondan asılı deyil axı.

Problem qlobaldı. «Şerif»ə dünənki məblubiyyətə sırf «Qarabağ» prizmasından yanaşmağın əleyhinəyəm.

Səbəblər bir-biriylə üzvi və zəncirvari əlaqədardı.

Bir futbolçunun olmaması komandaya qurşaqdan aşağı zərbə sayılırsa, bir çempionatın uşaq bağçasına döndərilməsi düz ürəyə vurulan yaradı.

Gəl, indi Qurbanov, götür üzərinə, görüm, necə götürürsən!

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti