“Neftçi” mərhələni öncədən uduzmuşdu

20 İyul 2018 19:48 Avropa Liqası 943
“Neftçi” mərhələni öncədən uduzmuşdu

“Neftçi” mərhələni öncədən uduzmuşdu.

Heyət komplektləşəndə, transferlər ediləndə, hazırlıq keçiləndə...

İndi klub düşərgəsində məğlubiyyətin baş məşqçinin üzərinə yönəldilməsi ab-havası hiss olunur. Haqlıdılar, Roberto Bordin hətta 3:1 hesablı mühüm üstünlüyü qoruya bilməyəcək qədər bacarıqsız olduğunu göstərdi. Lakin heyəti də, məşqçiləri də rəhbərlik seçib və onlara da bəzi suallar verilməlidi. Axı, italyan çalışdırıcı nümayişkaranə şəkildə “transferlərə qarışmıram” deməklə çoxdan özünü sığortalayıb.

Avropa Liqasının “Uypeşt”lə ilk oyununda Bordin qorxaq olduğunu göstərmişdi. Hesabda 2:1 öndə olarkən, yorğun, çarəsiz rəqibi təzyiq altında saxlayıb, növbəti qolları vurmaq lazım olarkən, o, 5-ci müdafiəçini meydana buraxmışdı. Bu addım hesabı qorumağa hesablanmışdı, məşqinin bu nəticəyə də razı olduğuna işarə idi. Xoşbəxtlikdən Emin Mahmudov sırf fərdi bacarığı hesabına daha bir qol vurub, üstünlüyümüzü artırmışdı.

Cavab matçında isə səhvi gizlədəcək oyun, oyunçu yox idi. Bordin 5 müdafiəçiyə güvənib orta sahəni boşaltmışdı. Əks-hücum taktikası demək olardı, amma əks-hücum da belə olmur. Bunun üçün işlək cinahların, beton dayaq bölgən olmalıdı. İtaliyalı isə elə bir taktika qurmuşdu ki, hətta komandanın ən faydalı oyunçusu Soni Mustivar da faydasız olmuşdu.

“Neftçi”nin transfer siyasətində çatışmayan əsas detal heyətin düzgün komplektləşməməsidi. Hücum bölgəsini tam dəyişən rəhbərlik müdafiəni yaddan çıxarıb. Kiril Petrovla Ruslan Abışov ağır, etibarsız, səhvəmeylli və digər klublarımızın müdafiə cütlükləri ilə müqayisədə bir-birini ən az tamamlayan duetdi. İlk qolda onların səhvi həlledici oldu və həyəcan artdı, hesab biabırçı həddə çatdı.

Ruslanın zədələnib meydandan çıxmasında da zəif hazırlıq əsas rol oynadı. Abışov kimi kapitanı, Petrov kimi vitse-kapitanı olan “Neftçi” bu aqibətə məhkumdu. Dayaq bölgəsində Emin Mahmudovdan imtina da Bordinin səhviydi. Bu futbolçu Mustivarla burlikdə müdafiə xəttinin kilid nöqtəsi ola, rəqib hücumlarını inkişaf bölgəsində dayandıra bilərdi.

Təbii ki, belə oyun sistemi ilə hücumçuların topla təmin olunması, əks-hücumların təşkili mümkünsüz idi. Bordin İtaliya məşqçi məktəbinn üz qarası olduğunu ikicə oyuna sübut etdi. Onunla müqavilənin ikiillik olmasına görə klub rəhbərliyi hələ çox təəssüflənəcək. Belə bacarığa malik birisi “Qarabağ”ın hegemonluğuna son qoymaq gücündə deyil.

Məşqçi seçiminə görə rəhbərliyin səhvi aydındı. Heyətin komplektləşməsi baxımından da nəzərlər eyni nöqtəyə zillənir. Ölkə klublarının az qala hamısına təklif edilən, sonda daha baha qiymətə “Neftçi”yə götürülən Slavko Braliçdən bizim divizion klublarında kifayət qədərdi. Qoran Paratskinin ləngliyini seleksiyaçılar görməyibsə, deməli, 6 ayı boşa veriblər. Dario Federikonun “Kəpəz” səviyyəsində biri olduğu da aydındı. Yalnız Baqali Daboni fərqləndirmək olar, amma o da yoldaşlarından asılı oyunçudu, təkbaşına möcüzə edə bilməzdi.

Məhz belə oyunlar transfer siyasətindəki yanlışları ortaya çıxarır. İdman direktoru Ceyhun Sultanov dərsinə yaxşı hazırlaşmayıb, o, yeni istedadlar axtarmaqdansa, ölkə çempionatından tanıdığımız futbolçularla bir çuval unu bərbad edib. “Sumqayıt”da belə səhvlər keçərlidi, “Neftçi”də isə hər şey fiaskoya səbəb olur.

0:4 – bu, reallıqdı. “Neftçi” yoxlama oyunlarının hamısında qələbə qazananda, yalnız nəticəni düşünəndə belə şoku ağlına da gətirməzdi. Səviyyə fərqini nəzərə almaq, hazırlıq dövründə fərqli taktikaları sınamaq gərəkirdi. Bordin isə azarkeşlərin gözündə yüksəlmək üçün fərqli yol seçdi və indi Sevilyaya getmək üşün alınan biletləri yandırır.

Klub prezidenti Kamran Quliyev cavab oyunu ərəfəsində verdiyi müsahibədə futbolçuların gözünə baxdığını və rahat olduğunu bildirmişdi. Amma o, Bordinin qorxaq baxışlarını və rəqib oyunçuların gözündəki alovu da görməliydi. Macarlar Bakıya viza problemləri üzündən zəif heyətlə gəlmiş, bir sıra təşkilati problemlərlə üzləşmişdi. Və həmin komanda ilə dünənki arasında ciddi fərq olduğunu matç göstərdi. Rəhbərlik, məşqçi bu amilləri nəzərə almamışdı.

İndi sabiq baş məşqçi Tərlan Əhmədov daha çox xatırlanacaq. Və onun yada salınmasının da səbəbkarı xələfi, eyni zamanda onu yola salanlardı. Tərlan bəy də boş dayanmır, susqunluğu unudub, bu anı gözləyirmiş kimi sosial şəbəkədə atmacalara başlayıb, Quliyevin, Sultanovun ünvanına “komplimentlər” işlədir.

“Uypeşt”lə cavab matçı dərs oldu. “Neftçi” təcili olaraq heyəti gücləndirməlidi. Futbolçuların imtina etdiyi, əslində, layiq olmadığı aydınlaşan mükafatın üzərinə əlavə pul qoyub güclü mərkəz müdafiəçisi alınmalıdı. Yoxsa bu komanda Premyer Liqada da fiaskoya uğrayacaq. O zaman isə Bordinə verilən 300 min avronun, transferlərə xərclənən böyük pulların hesabatı istəniləcək.

“Sevilya”nın potensial rəqib olduğunu nəzərə alsaq, onsuz da “Neftçi”nin avrokubok yolu uzun olmayacaqdı. İndi bütün diqqət ölkə çempionatına yönəlməlidi. Növbəti səhvin bəraəti olmayacaq (futbolinfo).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti