Sportinfo.az xəbər verir ki, Malta millisinin və "Baltsan"ın Nigeriya əsilli 34 yaşlı hücumçusu Alfred Effionq "Keşlə"yə 1:2 hesabı ilə məğlub olduqları Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra sualları cavablandırıb.
Maltada 4:1 hesablı qələbədən sonra sizin üçün bu qədər çətin olacağını gözləyirdiniz?
- İki fərqli oyun oldu. “Keşlə”yə evdə 4:1 hesabı ilə qalib gəlsək də, biz onlara hörmətlə yanaşırdıq. “Keşlə” Azərbaycanın böyük klublarındandır. İlk oyunda baş məşqçimizin tapşırıqlarını yerinə yetirib, nizam-intizamlı oyunla qalib gəldik. Bununla yanaşı, anlayırdıq ki, hələ son deyil. “Keşlə”dən Bakıda yaxşı oyun gözləyirdik. Belə də oldu: oyun bizim üçün çətin alındı. Bu cür istidə oynamağa öyrəşməmişik. Maltada da hava isti keçir, ancaq burada nəmişlik var. Fikrimcə, hər iki komanda yaxşı futbol göstərdi.
“Keşlə” sizi nə ilə təəccübləndirdi?
- Rəqibimiz güclü idi. Biz bunu meydanda gördük. İki il əvvəl Azərbaycanda olmuşduq. O zaman rəqibimiz “Neftçi” idi. Bakıda qalib gəlsək də, mərhələ adlaya bilməmişdik.
Həminki “Neftçi” ilə indiki “Keşlə”ni necə müqayisə edərdiniz?
- İki fərqli oyun olmuşdu. “Neftçi” də Ta Qalidə fərqli, Bakıda fərqli oynamışdı. “Keşlə” isə cavab görüşündə çox yaxşı oyun göstərdi.
Azərbaycan komandalarına qarşı böyük təcrübəniz var. Malta millisinin heyətində Azərbaycana qarşı keçirilən (2:2) matçda qol da vurmusuz...
- Millinin formasında oyunlar hər zaman fərqli olur. Oyunçular yığmaya müxtəlif klublardan gəlir. Azərbaycanla görüşdən yaxşı xatirələrim qalıb. Azərbaycan futbolu hazırda inkişafdadı. O vaxtı biz Bakıda komandanıza 0:2 hesabı ilə uduzub, evdə heç-heçə oynamışdıq.
Yaxın vaxtlarda Millətlər Liqası çərçivəsində Azərbaycan millisinə qarşı oynayacaqsız. Bu yarışdan gözləntiləriniz nədir?
- Malta futbolda irəliyə addım ata bilib. Bizdə çox perspektivli gənclər var. Üstəlik, baş məşqçimiz yenidir. O, əla iş görür. Millətlər Liqasının oyunlarında mübarizəmizi aparacağıq.
Azərbaycanla görüşlərdə qələbə qazana biləcəyinizi düşünürsünüz?
- Futbolda hər şey mümkündür. Hər oyuna qələbə üçün çıxacağıq. Bizim ölkədə də futbol inkişaf edib.
Malta yığmasının əsas rəqibi Kosovodur, yoxsa Azərbaycan?
- Hər komanda özünə görə güclüdür. Elə bir milli yoxdur ki, mübarizə aparmadan qalib gələ biləsən. Hər şey 90 dəqiqə ərzində meydanda həll olunur. Həmin gün nə dərəcədə hazırsansa, o da baş verir. Ən güclü rəqibə də qalib gəlmək olar.

