"Qəbələ" və "Keşlə"yə avro-ümid var: İkisinin də bəxtinə

19 İyul 2018 19:00 Avropa Liqası 596
"Qəbələ" və "Keşlə"yə avro-ümid var: İkisinin də bəxtinə

«Qəbələ» ilə «Keşlə» Avroliqanın bu mərhələsində, digər avrokubok təmsilçilərimizlə müqayisədə daha rahat keçilən rəqiblərlə üz-üzə olsa da, nəinki vəziyyəti lazımınca dəyərləndirdilər, hətta qarşılarındakını öyrənənə də oxşamırdılar.

Buna görə də aydın səmada şimşək effekti ilə uduzdular.

Hər iki matçda məşqçi korpusuna suallar çoxdu. Lakin cavab qarşılaşması ərəfəsində komandalara böyük zərbə vurmamaq xatirinə, ikinci oyunda bu səhvləri aradan qaldırıb ümumi qələbə naminə daha böyük səyə göstərəcəklərinə və işlərinə daha ciddi yanaşacaqlarına ümid edəək.

Öz meydanında iki top fərqi ilə uduzan “Qəbələ”nin işi nisbətən çətindi. İyulun 19-da Lüksemburqda “Proqres”in qonağı olacaq Sənan Qurbanovun yetirmələri ilki gerçəkləşdirməlidi.

Çünki bunadək evdəki ilk matçda 2 cavabsız top buraxan Azərbaycan komandalarından heç biri tur keçməyib. Buna isə 5 dəfə təsadüf olunub.

“Qəbələ”nin özü də 4 il öncə bu halla üzləşib. Həmin vaxt “qırmızı-qaralar” Bosniya və Herseqovinada da “Şiroki Briyeq”ə uduzub – 0:3.

Ümumiyyətlə evdə 0:2-yə üzüldüyümüz 5 cütdən dördüncə cavab oyununda da məğlubiyyət qeydə alınıb. “Neftçi” 1997-ci ildə “Vidzev”ə (Polşa) 0:8, “Kəpəz” 2000-ci ildə “Antalyaspor”a (Türkiyə) 0:5, “Qarabağ” 2013-cü ildə “Ayntraxt”a (Frankfurt, Almaniya) 1:2 hesabı ilə yenilib. Toparlanıb səfərdə uduzmayan “Karvan” 2006-cı ildə Çexiyada “Slaviya” ilə qolsuz heç-heçə edib – 0:0.

“Neftçi” evdəki ilk oyunda 3:1 hesabı ilə qalib gələn ikinci Azərbaycan komandasıdı. Bunadək yalnız iki il öncə stadionlarımızda belə sevinc yaşanıb. Həmin vaxt “Qəbələ” “Maribor”u yenib. Təmsilçimiz Sloveniyada 0:1 hesabı ilə uduzsa da, mərhələni keçib.

Maltada “Baltsan”a 1:4 hesabı ilə uduzan “Keşlə”nin vəziyyəti də ürəkaçan deyil. İlk görüşü bu hesabla yenilən Azərbaycan klublarının aqibəti yaxşı olmayıb.

İndiyədək iki belə hal yaşanıb. 1998-ci ildə “Kəpəz” cavab matçında da uduzub. Gəncəlilər LKS (Polşa) ilə bacarmayıb – 1:3. 7 il öncə “Qarabağ” Belçikadakı böyükhesablı məğlubiyyətin əvəzini çıxa bilməsə də, “Brügge”ni Bakıda yenib – 1:0. Bu qələbə həm təsəlli, həm də reytinq baxımından əhəmiyyətli olub (apasport.az).

Bəli, hər il məhz ümid kəlmələri ilə başlayırıq. Çünki hər dəfə komandalarımızın qəfil kurs dəyişikliyinə və sonunda klubların iflasına o qədər öyrəncəli olmuşuq ki, ehtiyatlı davranaraq təmsilçilərimizə ürək-dirək verməkdən başqa çarə qalmır.

Ona da ümid edək ki, budəfəki «Qəbələ» dəyişikliyinin sonu yaxşı olacaq və klubda, sadəcə, son illərdə formalaşmış strateji hədəflər, sistem və ümumi kurs dəyişsə də, işin ümumi məğzi qorunub saxlanılacaq.

Çünki bu qədər təsərrüfat quruculuğu, sistemli addımlardan sonra Azərbaycan futboluna növbəti zərbənin də təsiri ağır olacaq.

Həmkarımız Kənan Məstəliyevin qeydi: "Qəbələ"nin "Proqres"ə məğlubiyyətinin kökü uzaqda deyil. Sənan Qurbanovun təyinatı rəsmiləşdiyi gün buna doğru "yola çıxılmışdı".

Qardaş, adam rəqibi heçmi öyrənməz, oyunu heçmi oxuya bilməz? Ancaq rəqib iki top vurandan sonra "jeton düşdü" və nəsə qığılcımabənzər bir şeylər izlədik "Qəbələ"nin ifasında.

O da gec idi. Hətta birinci hissədən sonra belə ən sadə futbol azarkeşi də edilməli dəyişiklikləri, atılmalı olan addımları deyə, görə bilərdi. Qurbanov görmədi. Nəticəsi də budu.

Komanda oyunu 90 dəqiqə faktiki özbaşına oynadı. Başlarının üstündə baş məşqçi yox, sadəcə məşqçi vardı. Başqa izah görmürəm yenilgiyə".

Hər halda bu iki komandanın ümidi möcüzəyə bənzərdir.

Lakin bu, həyata keçirilə biləcək, başqa sözlə, qeyri-adi olmayan, daha çox doğru taktiki və heyət seçimləri ilə mümkünlüyü göz qabağında olan, yəni sadə və adi möcüzədi - bəxtə, ondan əvvəl öz gücünə inam ümididi.

ELXAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti