“Neftçi”Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Macarıstanda “Uypeşt”lə keçirəcəyi cavab oyunu ilə bağlı azarkeşlərə müraciət edib.
Paytaxt təmsilçisi iyulun 19-da paytaxt Budapeştdəki “Ferens Susa” stadionunda baş tutacaq görüşlə əlaqədar UEFA və rəqib kluban zəmanət məktubu almadığını açıqlayıb.
“Bu oyunda komandamızı dəstəkləməyə gələcək azarkeşlərimizin təhlükəsizliyinin təmin olunması üçün klubumuz tərəfindən ev sahibi “Uypeşt”ə, UEFA-ya və müvafiq qurumlara müraciət edilib.
Lakin indiyə kimi heç bir qurumdan zəmanət məktubu almamışıq. “Neftçi” üçün azarkeşlərimizin təhlükəsizliyi çox önəmlidir.
Bu səbəbdən, indiki vəziyyətdə sizləri maksimum ehtiyatlı olmağa səsləyirik. Müvafiq strukturlardan cavab məktubu gəldikdə əlavə məlumat veriləcək”, - deyə müraciətdə bildirilir.
Bu, səbəbsiz yerə deyil. "Neftçi" və "Uypeşt” arasındakı ilk matçdan əvvəl komandaların azarkeşləri arasında dava düşmüşdü.
İnsident Mərdəkandakı restoranlardan birində, oyunun keçirildiyi "Dalğa Arena" stadionu yaxınlığında baş vermişdi.
“Neftçi”nin “Forza“ fanhərəkatının nümayəndələri stadiona qədər təntənəli yürüş təşkil etmiş, yolda restorandan çıxan macarlara rast gəlmişdilər. Nəticədə aralarındakı şifahi söz atışması davaya keçmişdi.
Bir sözlə, yeddi nəfər macar "Neftçi"nin sayca onlardan çox olan azarkeşləri tərəfindən döyülmüşdü. Buna cavab olaraq macarlar Azərbaycan azarkeşlərinə Budapeştdə "ilıq" qəbul söz vermişdilər.
Artıq qarşı tərəf bununla bağlı müəyyən hazırlıq görməkdədi. Onlar Bakıdan Budapeştə 20-dən artıq tərəfdarın gələcəyini gözləyirlər və bütün planları bu yöndə qururlar.
Budapeştdəki matç 23:00-da başlayacaq, bundan bir neçə saat öncə isə “Neftçi”nin qaldığı otelin yaxınlığında “pusqu“ qurulacaq. Futbolçulara psixoloji, qonaq azarkeşlərə fiziki təzyiq göstərəcəkləri dəqiqdi.
İlk oyunda 3:1 hesabıyla qalib gələn bakılıların rəhbərliyi, təbii ki, mümkün toqquşmadan çəkinir. Ona görə də fanatların səfərə çıxmaması, əslində, yönəticilərin özlərinə də sərfdi. Ara yerdə qan tökülməsi kimə lazımdı axı?
SPORTİNFO.AZ

