"Neftçi" hələ qazanmayıb…

13 İyul 2018 12:24 Avropa Liqası 590
"Neftçi" hələ qazanmayıb…

Belə bir az pis çıxmasın, Roberto Bordinin 2 top fərqiylə qələbə arzuladığını bilirdim.

Futbolçularıyla söhbətindən. Bakıda və Antalyada danışqdıqlarından.

3:1 qurtardı. Yəni ki, «Neftçi» yeni baş məşqçisinin ürəyindən keçən 2 top fərqini təmin etdi.

Çətinliklə başa gəldi. «Uypeşt» ilk düşünülmüş hücumda hesabı açınca, bir anlıq yaddan çıxdı ki, qonaqlar Bakıya gec yetişib. Sanki daha istəkli, daha səbrli, daha inamlı idilər.

Ta Dario Federikonun fərdi ustalığı hesabına yaranan təhlükə sonrası Baqali Dabonun status-kvonu bərpa etməsinə qədər!

Bu epizodda üstünə gələn topu Dabonun önünə atan i Filip Payoviç ikinci qolu da heç nədən yaratdı. Serb qapıçının növbəti xətası «Uypeşt»i oyundan qopardı. Üçüncü qol isə sırf Soni Mustivarla Emin Mahmudovun aktivindədi.

Ümumi yanaşsaq, «Neftçi» baxımlı futboldan imtina edib. Rəngarənglik azdı. Bordin iki dəfə oyuna müdaxilə etmək cəhdində bulundu, onda da nədənsə fikrini tez də dəyişdi.

Futbolçuların yerdəyişməsi hesabına qonaqları çaşdıraca biləcəyinə inanan italyan baş məşqçiyə bəxt ilahəsi də az kömək göstərmədi. «Neftçi»nin bu qələbəni 9 nəfərlə qazanmasını özü də inkar etməz.

Mustivar 85 dəqiqə ərzində qapıya iki yöndəmsiz zərbədən başqa heç nəylə yadda qalmadı. Oyunu başlamaq və hücum qurmaq tapşırığından birini də yerinə yetirmədi.

Topu gah arxaya ötürdü, gah da yana. İrəliyə doğru bir həmləsi, ara, yaxud iti pası olmadı. Eminin qolundakı payı ilə günahını hardasa yudu, amma Qoran Paratski hansı səbəbdən əsas heyətə düşməsinin və sonadək meydanda qalmasının səbəbini açıqlaya bilmədi.

Xorvatiyalı yarımmüdafiəçi «Neftçi»nin «axil dabanı»dı, amandı, Bordin onu Macarıstanda da oynatsa, «Uypeşt»in dəyirmanına su tökmüş olar. Mayk Kampaz «səviyyə»sində legionerdi, Bordin hansı məziyyətinə görə Paratskini bəyənib, baş açmıram. Ağıl yox, sürət yox, texnika yox, «lom»du, elə bil.

Hesab hələ heç nə demir. «Neftçi»ni cütün aşkar favoriti saymayaq. Bakıda «Uypeşt»in əleyhinə işləyən bir sıra faktorları qeyd etməliyik.

Birincisi, macarlar paytaxtımıza çox gec təşrif buyurdular. Bura yetişmək üçün iki dəfə təyyarəyə yanacaq dolduran qonaqlar oyunöncəsi son məşqə çıxmağa çatdırmadılar.

Uzun yolun yorğunçuluğu bir yana, viza ala bilməyən 2 legionerinin hava limanından geri göndərilməsi «Uypeşt»i qəm dəryasına batırdı. Bunlar azmış kimi, Mərdəkanın isti-bürküsü onları lap əldən saldı. Adamı tribunada, əyləşdiyi yerdə tər-su aparırdı, görün, meydandakılar nə çəkirdi də!

«Neftçi»sevərlər qeydlərimi başqa yerə yozmasın. Məndən bir rica - obyektiv olmaq lazımdı, «arxayınlaşmağın qəti qorxusu yoxdu» deməyin. Var, özü də necə!

«Uypeşt» evində bu təbii şərtlər və bu heyətlə meydana çıxmayacaq. «Neftçi» bütün variantlarda sığortalanmağı nəzərə almalıdı. İlk növbədə Bordin start «11-liy»ini düzgün müəyyənləşdirməlidi.

Hər halda dünən Emin Mahmudovu ehtiyatda saxlamaqla səhv etmişdi. Bəzən bir futbolçunun olmaması komandanın evini yıxır. Emin «Neftçi» üçün çox şey deməkdi, onu görməzdən gəlməkmi olar?

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti