“Qəbələ” 2018/19 mövsümünə start verib.
“Qırmızı-qaralar” Avropa Liqasının I təsnifat mərhələsində ilk oyununu keçirib. Komandamız Lüksemburqun “Proqres” klubunu qəbul edib.
Qəbələ şəhər stadionundakı matçın ilk dəqiqələri hər iki komanda üçün kəşfiyyat xarakteri daşıyıb. Lakin dəqiqələr keçdikcə təşəbbüsə yiyələnən “qırmızı-qaralar” topa nəzarəti ələ alıb.
Sənan Qurbanovun yetirmələrinin fəallığını görən qonaqlar böyük qüvvə ilə müdafiəyə çəkilib. Ardıcıl hücumlar təşkil edən komandamız lüksemburqluların arxa xətdəki səddini yarmaqda çətinlik çəkib. Bu üzdən də fasiləyə qədər rəqib qapısı önündə real qol vəziyyəti yaranmayıb. “Proqres”in azsaylı əks-hücumları da müdafiəçilərimiz üçün çətinlik yaratmayıb.
İkinci hissənin ilk dəqiqələri də oxşar ssenari ilə keçib. “Qəbələ” topa nəzarət etsə də, daha çox meydanın mərkəzində mübarizə aparıb. Fasilədən az sonra qonaqlar hesabı açmağa müvəffəq olub. Mayron de Almeyda fərqlənib.
Buraxılan qoldan sonra “qırmızı-qaralar” daha böyük qüvvə ilə hücuma keçsə də, müdafiədə inamlı oynayan qonaqların səddini yara bilməyib. Sabien Lilayın cərimə meydanındakı qayda pozuntusuna görə təyin olunan penaltidən sonra “Proqres” fərqi artırıb.
Olivye Till komandasının ikinci qoluna imza atıb. Asif Məmmədovun cərimə meydanının xətti yaxınlığından “doqquzluğ”a göndərdiyi topu isə rəqib qapıçı küncə çıxarıb. Hücumlara ara verməyən komandamız Təmkin Xəlilzadə və Stiven Monrozun zərbələri ilə qonaqlara gərginlik yaşadıb.
Lakin lüksemburqluların müdafiədəki oyunu futbolçularımızın hesabı dəyişməsinə imkan verməyib. Matçın sonlarında Rauf Əliyev bir neçə zərbəsi ilə yadda qalsa da, “Proqres” də əks-hücumlarla diqqət çəkib.
“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov: “Azarkeşlərimizdən bu oyuna görə üzr istəyirəm. Bu qarşılaşmada müəyyən səhvlərimiz oldu. Cavab oyununda daha yaxşı olacağını düşünürəm.
Bu görüşü ağır siqnal kimi qəbul edirik. Lakin futbolda düzəlməsi mümkün olmayan heç nə yoxdur. Komanda şəklində birləşəcəyik və bunun öhdəsindən gələcəyik. Səfər matçına oyun intizamını qoruyub, daha çox qol vurmaq üçün çıxacağıq.
Rəqib yaxşı qapanmışdı. Futbolçulara intizamlı və sürətli oynamağı tapşırmışdıq. Amma meydanda istədiyimiz sürət yox idi. Top itkilərimiz də oldu. Matçın fasiləsində oyunda düzəliş etməyə çalışdıq.
Rəqibin xətləri arasındakı sıxlığı yarmağa, cinahlardan sürətli hücumlar qurmağa cəhd etdik. Bu qarşılaşma bizə cavab oyunu üçün çox məlumat verdi”.
“Qəbələ” (Azərbaycan) – “Proqres” (Lüksemburq) - 0:2
Baş hakim: Vyaçeslav Banari
Baş hakimin köməkçiləri: Vasile Ermişin, Dumitru Çiobanu
Dördüncü hakim: Andrey Kojokaru (hamısı Moldova)
Hakim-inspektor: İqor Pristovnik (Xorvatiya)
UEFA nümayəndəsi: Nikoloz Jqarkava (Gürcüstan)
Sarı vərəqələr: Stiven Monroz, 15, Təmkin Xəlilzadə, 84 // Sebastyan Till, 65, Sebastyan Floss, 72
Qollar: Mayron de Almeyda, 51, Olivye Till, 61-p.
Artırılan vaxt: I hissədə 2 dəq.; II hissədə 4 dəq.
“Qəbələ”
22. Dmitri Bezotosnı
3. Vojislav Stankoviç
(21. Lalavele Atakora, 72)
4. Elvin Camalov
(33. Təmkin Xəlilzadə, 56)
10. Rauf Əliyev
11. Asif Məmmədov (k)
17. Ceyms Adeniyi
(7. Roman Hüseynov, 76)
18. İlqar Qurbanov
27. Bəhlul Mustafazadə
28. Stiven Monroz
34. Ürfan Abbasov
88. Sabien Lilay
Ehtiyat oyunçular:
30. Aqil Məmmədov
5. Rasim Ramaldanov
8. Qismət Alıyev
32. Amin Seydiyev
Baş məşqçi: Sənan Qurbanov
“Proqres”
1. Sebastyan Floss
7. Mayron de Almeyda
(8. Dino Ramdedoviç, 88)
9. Yannik Bastos
(70. Matias Markes, 85)
10. Olivye Till
(5. Ben Foqel, 80)
14. Emmanuel Fransuaz
19. Mario Mutş
20. Cordan Qobron
22. Marven Martens
23. Adrian Ferino
31. Sebastyan Till (k)
34. Tim Hall
Ehtiyat oyunçular:
13. Çarli Şinkler
17. David Soareş
21. Kevin Kerger
28. Romeu Torres
Baş məşqçi: Paolo Amodio

