“Qəbələ” 2018/19 mövsümünün hazırlıqlarını davam etdirir.
İyunun 20-də start götürən Sloveniya toplanışını başa vurub, iyulun 5-də vətənə dönən “qırmızı-qaralar” birgünlük fasilədən sonra məşqlərini Bakıda - paytaxtın eyniadlı təmsilçisinin Biləcəri qəsəbəsində yerləşən bazasında gerçəkləşdirib.
Əyalət klubunun yenidən “Bakı“nın bazasını seçməsi o deməkdi ki, hər şey köhnə minvalla davam edəcək.
Başqa sözlə, komanda üzümüzə gələn mövsüm ərzində əsas hazırlığını burda keçəcək, oyundan-oyuna Qəbələyə yollanacaq. Bu da futbolçuların əksəriyyətinin Bakıda yaşaması və legionerlərin rahatlığı üçündü.
Axı onlar şikayətlənirlər ki, Qəbələdə futbola konsentrasiya ola bilmirlər, buranın özəl həyatı yoxdu, darıxdırıcıdı. O üzdən “Bakı”nın bazasının icarəyə götürüldüyünü deyə bilərik.
İyulun 8-də baş tutan məşqlə komanda paytaxtdakı hazırlığı başa vurub. Futbolçular günün ilk yarısında hazırlıq keçib.
“Qırmızı-qaralar” Avropa Liqasının I təsnifat mərhələsinin “Proqres”lə ilk oyununa hazırlığı yekunlaşdırmaq üçün Qəbələyə yollanacaq. “Qəbələ” matçadək doğma stadionunda məşq edəcək.
Lüksemburq təmsilçisi ilə qarşılaşma iyulun 12-də Qəbələ şəhər stadionunda keçiriləcək. Matç saat 20:00-da başlayacaq.
SPORTİNFO.AZ

