Axundovla Maksimovun davası bitdimi, yoxsa yenə qızışacaq?

2 İyul 2018 14:12 Avropa Liqası 801
Axundovla Maksimovun davası bitdimi, yoxsa yenə qızışacaq?

Avropa Liqasında “Keşlə”yə rəqib olan “Baltsan” 3 mövsümdə 2-ci dəfə ölkəmizə gələcək.

Malta klubu 2016-cı ilin yayında eyni turnirdə “Neftçi” ilə qarşılaşıb.

Düzdü, bakılılar ada ölkəsinin klubunu keçə bilib. Lakin “ağ-qaralar” azarkeşlərini xeyli narahatlıq yaşadıb. Səfərdəki 2:0 hesablı qələbədən sonra evdə uduzan “Neftçi” çətinliklə mərhələni arxada qoyub. “Baltsan”a “Neftçi”ni dayandırmaq üçün cavab oyununda cəmi 1 qol yetməyib.

Ümumilikdə isə Malta klubları ilə 3 dəfə yollarımız kəsişib. Bütün bunlar son illərə təsadüf edib. 2013/14 mövsümündə “Xəzər Lənkəran” “Slima”nı səfərdə yenə bilməsə də, heç-heçədən sonrakı ev qələbəsi ilə turu adlayıb.

Növbəti il “Qarabağ” Çempionlar Liqasında “Valetta”nı hər iki oyuna yenib. Bakıda isə böyükhesablı nəticə qeydə alınıb. Bir sözlə, hər üç dueldə mərhələ adlayan komandalarımız 4 qələbə qazanıb, 1 heç-heçə edib və 1 məğlubiyyət alıb. 10 qol vuran futbolçularımız 3 top buraxıb.

2013/14 mövsümü, Avropa Liqası
Slima (Malta) - Xəzər Lənkəran – 1:1, 0:1
2014/15 mövsümü, Çempionlar Liqası
Valletta (Malta) – Qarabağ – 0:1, 0:4
2016/17 mövsümü, Avropa Liqası
Baltsan (Malta) – Neftçi – 0:2, 2:

“Baltsan” son günlər heyətində ciddi dəyişikliklərə əl atıb, 6 oyunçu ilə yollarını ayırıb. Bunlar İvan Yanyuşeviç, Bruno de Oliveyra, Kliv Brinkat, Rayan Feneç, Pol Feneç və Terens Agiusdu.

Adıçəkilən oyunçuları yola salan “Baltsan” yaranmış boşluğu artıqlaması ilə doldurub. Belə ki, Marko Miçoviçin komandasına 8 futbolçu qoşulub. Yeni transferlərdən 4-ü əcnəbidi. Bunlar - müdafiəçilər Rikardo Kaliksto (Uruqvay), Antonio Mitrev (Makedoniya), yarımmüdafiəçi Nenad Şlyiviç və hücumçu Andriya Maydevaçdı (hər ikisi Serbiya).

Bundan əlavə “Baltsan” yerli futbolçularla da güclənib. Qapı xəttinə Stiv Sultana, yarımmüdafiəyə Sin Kipriot, Neil Frendo, hücuma isə Deyl Kamilyeri alınıb. Maraqlıdı ki, sonuncu eyni zamanda futzalla məşğuldu.

“Balzan”la “Keşlə” arasında ilk oyun iyulun 12-də Maltada, cavab qarşılaşması isə ayın 19-da Azərbaycanda keçiriləcək.

Yəqin ki, ötən mövsümü «Qəbələ» üzərində sensasiyalı qələbə iəl başa vuran «Keşlə» də gələcəyə ümidlə baxa bilər. Kollektivin avrokuboklar ərəfəsində ən böyük qazancı, psixoloji dəstəyi bu zəfər oldu.

Doğrudu, hələ komandaya AFFA--dan da xoş xəbər gəlməlidi: çünki maliyyə təminatı ilə bağlı çatışmazlıqlar tamamilə aradan qalxmayıb.

Bütün bunlarla yanaşı, zənnimcə, «Keşlə» yeni mövsümə daha böyük ümid və inamla yollanan kollektivlərdən biri olmaq üçün hazırdı. Sabiq «bankirlər» «Sumqayıt»dan Azər Salahlı və Amil Yunanovu heyətinə cəlb edib.

Komandanı icarə müddəti başa çatmış Pablo Podio ("Fastav", Çexiya) ilə Nemanya Stoyanoviç ("Qarabağ Vyana" Avstriya), həmçinin Məqsəd İsayev ("Sabah") və hələlik klubsuz Qara Qarayev tərk ediblər. Kollektiv, əsasən, buna qədər kuboku qazandığı futbolçularla müqavilə müddətini artırmaqla məşğul olub.

Baş məşqçi Yuri Maksimovdan savayı, Kamran Ağayev, Vaqif Cavadov, Slavik Alxasov, Fuad Bayramov, Sərtan Daşqın, Tərlan Quliyev, Adrian Skarlatake, Məmməd Quliyev, Andre Klennon, Əlibəy Məmmədli, Orxan Sadıqlı, Denis Silva, Cabir Əmirli, Murad Qayalı, Sezar Meza Kolli və Ebrima Sohna ilə yolların davam etdirilməsi qərarı verilib.

İyunun 20-dən bir araya gələn komanda Bakı toplanışının ardından Türkiyəyə yollanıb. Bolu hazırlığı yalnız taktiki-texniki və fiziki çalışmalardan ibarət olmamalıdı. Qarşıdakı günlərdə düşərgəyə yeni legionerlər gəlməlidi.

Yuri Maksimrv transfer bazarlığında gecikdiklərini etiraf edib. Ukraynalı mütəxəssis əlinin altındakılardan minimum bir baş üstün futbolçulara ehtiyac duyduqlarını, lakin dəvət göndərdiklərinin heç də az olmayan maaş qarşılığında bura gəlməməsindən şikayətlənib. Üstəlik, Maksimov hələ yeni müqaviləni imzalamayıb.

Problem olsa, bu, olacaq irəlidə. Zaur Axundovuda bilmək olmaz hələ. Çox ziddiyətli və çətin adamdı. Belə rəhbərlə yola getmək müşkül məsələdi, hər an tikan üstündə oturmuş kimisən. Bir gün belə olur, bir gün elə. İstənilən uğursuz oyun Axundovun başmdakı fikirləri dəyişə bilər.

Maksimov ölkə kubokunu qazanmaqla, kreslosunu birmüddətlik xilas edib. Qətiyyən arxayın düşməsin. Şef avrokuboklarda da nəticə tələb edir. İşlər tərs gətirsə, yenidən dalaşacaqları şübhə doğurmur. Əvvəl az olub bəyəm?

Axundov həmin Axundovdu, heç dəyişməyib və bunu ondan gözləmək ağılsızlıqdı. Maksimovun özü də az aşın duzu deyil. İstədiyi transferlər alınmasa, rəhbərinin burnuna duz su qoyacaq.

Hələlik nisbi sakitlikdi. Yeni avro-sezon açıq elan olunan kimi mehriban düşmənlərdən kimin əlinin güclənib, kimin zəifləməsini görəcəyik.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti