Dişə çəkilən olsa da, "Qəbələ" onu tam ciddi qəbul etməlidi

30 İyun 2018 17:24 Avropa Liqası 643
Dişə çəkilən olsa da, "Qəbələ" onu tam ciddi qəbul etməlidi

Komandalarımızın Avropa Liqasına hazırlığı da başlanıb.

İlk rəqibi nə qədər dişə çəkilən olsa da, «Qəbələ» onu tam ciddi qəbul etməlidi.

Çünki «Proqress» rəqabətədavamlıdı. Lüksemburq təmsilçisi keçən Avropa Liqasında Şotlandiya «Qlazqo Reyncerz»ini acı məğlubiyyətə uğradıb (0:1 və 2:0). Sonra isə Kipr AEL-inə uduzub.

Roman Qriqorçukun istefasından sonra Sənan Qurbanova həvalə edilən kollektiv Filip Ozobiçdən savayı, əsas fiqurlarından biri olan Baqali Dabonu da itirib ("Neftçi"yə keçib). Ruslan Qurbanov "Səbail"də, Elvin Məmmədov isə Sumqayıt"da forma geyinəcək.

Vitali Vernidub Ukraynaya dönərək "Zarya" ilə anlaşıb. Komanda icarə əsasında olmaqla, Yusif Nəbiyevi də "Sumqayıt"a verib. Dion Malon da heyətdə olmayacaq. Əvəzində vətənə qayıdan iki futbolu heyətə cəlb olunub: Rauf Əliyev Albaniya “Kukeş”indən, Araz Abdullayev Kipr “Anortosis”indən (icarədən) qayıdıb.

İcarədən qayıdanlar arasında Bəhlul Mustafazadə ("Sumqayıt"), Roman Hüseynov ("Kəpəz") da var. Komandanın ilk əcnəbi transferi Sabien Lilay olub. Albaniya "Skenderbeu"sundan gələn 29 yaşlı yarımmüdafiəçi Sabyen Lilayla 1+1 il prinsipi ilə müqavilə bağlanıb.

"Qırmızı-qaralar” Ceyms Adeniyini də heyətinə qatıb. 26 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb. Nigeriyanın U-17 yığmasında çıxış etmiş hücumçu 2012-ci ildən Avropada legioner həyatı yaşayır.

20 yaşında Albaniyaya yollanan Ceyms 6 il bu ölkə klublarının formasını geyinib. O, 2012-2013-cü illərdə “Byulis”də çıxış edib. Hücumçu 2013-cü ilin ilk yarısını icarə əsasında “Tomori”də keçirib. 2014-cü ilin əvvəlində “Laçi” ilə anlaşan Adeniyi 2 il bu komandanın uğurları üçün çalışıb.

Nigeriyalı legioner son 2,5 ili “Skenderbeu”da çıxış edib. Albaniya karyerasında 2 çempionluq, 2 kubok və 1 Superkubok qazanan afrikalı hücumçu bu müddətdə 216 oyunda 76 qol vurub. O, Superliqada 51 (170 oyun), kubokda 19 (26), Superkubokda 2 (2), avrokuboklarda 4 (18) dəfə rəqib qapılarına yol tapıb.

“Qəbələ”nin mövsümlərarası fasilədəki hazırlıq proqramı müəyyənləşib. 2017/18 mövsümü başa çatdıqdan sonra istirahətə buraxılan komanda iyunun 12-də hazırlıqlara start verib. Qəbələdə bir araya gələn “qırmızı-qaralar” ayın 18-dək məşqlərini doğma arenada gerçəkləşdirib. Milli komandaların düşərgəsindən qayıdan futbolçular xüsusi proqramla hazırlaşıb.

Komanda ilk mərhələsini iyunun 12-dən Qəbələdə başladığı hazırlığın əsas mərhələsinə Sloveniyada iyunun 20-də başlayıb və iyulun 7-də başa vuracaq. Azərbaycanda olduğu müddətdə kollektiv MOİK-lə 1 oyun keçirib 1:1 (qol: Rauf Əliyev). Planlaşdırılan 4 yoxlama matçından birincisində Raufun eks klubu «Kukeş»lə oynayıb. 1:1 hesablı matçda qolu Stiven Monroz vurub. Zaqreb «Dinamo»suyla görüş isə məğlubiyyətlə nəticələnib – 0:2.

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti