"Qəbələ" "Reyncers"in yerində görmək istəməzdik…

21 İyun 2018 09:12 Avropa Liqası 1 040
"Qəbələ" "Reyncers"in yerində görmək istəməzdik…

Avropa Liqasının Əsas yolunun I təsnifat mərhələsində “Qəbələ” ilə qarşılaşacaq Lüksemburqun “Proqres” klubu qitəmiqyaslı turnirə ölkə çempionatının gümüş mükafatçısı kimi vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, 2017/18 mövsümündə “Düdelanj”la çempionluq uğrunda mübarizə aparan Niederkorn təmsilçisi sona iki tur qalmış qızıl medal şansını itirib.

26 matçda 63 xal toplayan “Proqres” çempiondan 5 xal geri qalıbsa, 3-cü pilləni 16 xal qabaqlayıb. Bütün qüvvəsini çempionata səfərbər edən komanda kubokla 1/8 finalda vidalaşıb.

Paolo Amodionun baş məşqçisi olduğu “Proqres” qazandığı gümüş medalla son 36 ildə ən yaxşı nəticəsini göstərib. Belə ki, Niederkorn təmsilçisi 1981/82 mövsümündə sonuncu gümüş əldə etmişdi.

Əsası 1919-cu ildə qoyulan “Proqres”in 99 illik tarixində daha böyük uğurlar da var. Lakin niederkornluların bütün nailiyyətləri ötən əsrlə bağlıdır. 1952/53, 1977/78 və 1980/81 mövsümlərində Lüksemburq çempionu olan komanda 1932/33, 1944/45, 1976/77 və 1977/78 mövsümlərində kuboka yiyələnib.

“Proqres”in avrokuboklardakı debütü də 1977-ci ilə təsadüf edib. Lakin 6 il ərzində 5 dəfə qitə səhnəsinə çıxan komanda 10 oyundan 9-da uduzub. Hesabında 1 qol və 1 heç-heçə olan niederkornlular növbəti şansı 33 il gözləməli olub.

Uzun müddət Lüksemburqun aşağı liqalarında çıxış edən “Proqres” 2005/06 mövsümündə elitaya vəsiqə qazanıb. Avropa səhnəsinə dönüş isə 2015-ci ildə gerçəkləşib. Lakin yenə qola həsrət qalan lüksemburqluların gücü yalnız bir heç-heçəyə çatıb.

2017/18 mövsümü klub tarixinə ən uğurlusu kimi düşüb. “Proqres” Şotlandiyanın “Reyncers” klubunu məğlub edərək mərhələ adlayıb. Evdə 2 cavabsız qol vuran Niederkorn klubu səfərdəki 0:1 hesablı məğlubiyyətə baxmayaraq turu adlayıb. Kipr AEL-i ilə II təsnifat mərhələsində isə “Proqres” hər iki matçda məğlubiyyətə üzülüb – 0:1, 1:2.

Ümumilikdə, avrokuboklarda 16 oyun keçirən komanda 1 qələbə qazanıb, 2 heç-heçə edib və 13 dəfə uduzub. Rəqib qapılarına 4 qol vuran komanda 36 top buraxıb.

“Proqres” ev oyunlarını Niederkorndakı “Stad Jos Haupert” stadionunda keçirir. Bu arena 4830 tamaşaçı tutumuna malikdi (gabalafc.az).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:30 Çək və bizə göndər!